Fəalların bildirdiyinə görə, İslam Dövləti (İD) döyüşçüləri Suriyanın şimalında ABŞ koalisiyasına məxsus hərbi təyyarəni vurub yerə salıblar. Suriya İnsan Haqları Observatoriyasının bildirdiyinə görə, Ərəb dövlətinə məxsus olduğu güman edilən hərbi təyyarə Raqqa şəhəri yaxınlığında yerə düşüb.
Britaniyada mənzillənən təşkilat təyyarə pilotunun taleyi barədə məlumata malik olmadığını bildirib, lakin İD tərəfdarları dərc etdikləri fotoda İD döyüşçüləri tərəfindən əhatə edilmiş iordaniyalı pilotun təsvir olunduğunu iddia ediblər.
İordaniya sentyabr ayından Suriyada İD mövgelərinə hərbi təyyarələrlə havadan reydlər keçirərək bombalayan 4 Ərəb ölkəsindən biridir. Bu xəbər təsdiqlənsə, vurulmuş təyyarə sentyabr ayından İD əleyhinə ABŞ koalisiyasının hava reydləri başlayandan ilk vurulmuş təyyarə olacaq. İordaniya hərbiyyəsi hərbi pilotunun əsir düşdüyünü təsdiqləyib.
Suriya İnsan Haqları Observatoriyası fəallardan ibarət şəbəkəyə istinadən təyyarənin "istilik raketilə Raqqa şəhəri yaxınlığında vurulduğunu" bildirib. Bundan əvvəl İD-pərəst Raqqa Media mərkəzi əsir düşmüş pilotun fotosunu dərc edərək onun adını və rütbəsini açıqlayıb. Fotoya əlavə edilmiş məlumat səciyyəli yazıda əsir götürülmüş şəxsin İordaniya Kral Hava Qüvvələrinin leytenantı olduğu qeyd olunub.
Şəkildə həmin şəxsin ayaq üstündə durduğu, ağız nahiyəsindən isə qan gəldiyi görünür. Fotonun gerçəkliyini yoxlamaq mümükün olmayıb.
Son 3 ay ərzində ABŞ, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Bəhreyn İD-nin Suriyadakı mövqelərinə yüzlərlə hava reydi həyata keçirib.
Hədəflərin əksəriyyəti İD "xilafətinin" de-fakto paytaxına çevrilmiş Raqqa şəhəri ərazisində və ətrafında yerləşir. Raqqa şəhərinə mütəmadi olaraq Suriya hökümətinin hərbi təyyarələri də bomba zərbəsi endirir.