ABŞ-ın Texas əyalətindəki müstəqillik tərəfdarları getdikcə daha da artır. Ekspertlərə görə, zəngin təbii qaynaqlara sahib olan əyalətin müstəqil və inkişaf etmiş bir dövlət halına gələ bilmək üçün hər cür imkana və şansa sahibdir.
Baki-xeber.com «Rusiyanın səsi»nə istinadən xəbər verir ki, prezident Obama noyabrın sonunda ölkədə yaşayan 5 milyona yaxın qeyri-qanuni miqrantı deportasiya edilməkdən xilas edən yeni miqrasiya islahatını açıqladı. «Rossiyskaya Gazeta»nın yazdığına görə, bunun ardından bir araya gələn 17 əyalətin idarəçiləri isə sözügedən qərarda səlahiyyətini aşdığına görə Obamaya qarşı iddia qaldırmağı hazırlaşır.
Mövcud qanunvericiliyin həddindən artıq dərəcədə liberallaşmasından narahat olan texaslılar isə belə vəziyyətdə qonşu Meksikadan yeni bir köç dalğasının başlanacağını və ölkənin bütün cənub əyalətlərinin də bu köç dalğasından mənfi istiqamətdə təsirlənəcəyini düşünür. Bu amil də Texasda müstəqillik tərəfdarlarının artmasına ciddi təsir edir.
Texas Millətçiləri adlı siyasi hərəkatın lideri Daniel Miller, CNBC televiziyasına verdiyi açıqlamada, bəzi araşdırma şirkətlərinin məlumatlarına istinad edərək müstəqillik tərəfdarlarının 50 faizə çatdığını bildirib. Onun sözlərinə görə Meksikadan yeni köç dalğası başlayacağı halda bu rəqəm daha da artacaq.
Texasın müstəqilliyini nəzərdə tutan siyasi hərəkat və cəhdlər ABŞ-da əvvəllər heç bu qədər məşhur olmayıb. Prezident Obamanın ikinci dəfə seçilməsinin ardından Ağ Evin rəsmi internet saytında petisiya yerləşdirilib və Texasın müstəqillik tələbinin yer aldığı ərizədə 125 minə yaxın imza toplanıb. Ağ Ev rəhbərliyi isə bu ərizədə tələb edilən xüsusları rədd edib.