2012-ci ildə Dəməşqdə bombalı hücum nəticəsində həyatını itirən Suriya prezidenti Bəşər Əsədin qaynı Asıf Şevketin rejim tərəfindən öldürülmüş ola biləcəyi iddia edilir.
Baki-xeber.com xəbər verir ki, Əsədin keçmiş sağ əli olan ancaq daha sonra rejim əleyhdarlarına qoşulan suriyalı general Menaf Tlas Amerikanın «Wall Street Journal» qəzetinə açıqlamasında dövrün müdafiə nazirinin müavini və baş qərargah rəisinin köməkçisi Asıf Şevketin öldürülməsinin arxasında rejimin olduğuna inandığını bildirib. Tlas, Əsədin böyük bacısı ilə evli olan Şevketin həm sülh danışıqları, həm də silahlı müxaliflərlə müzakirələr tərəfdarı olduğunu deyib. İddialara görə, Əsəd ailəsi və rejimin sərtlik tərəfdarı qanadı ilə müzakirələrə isti baxan qrup arasında qarşıdurma yaranıb.
Rejim daxilindən də bu istiqamətdə məlumatlar gəldiyini iddia edən qəzet yazır ki, Şevketin öldürüldüyü hücumdan sonra müxaliflərlə uzlaşma tərəfdarlarının da səsləri kəsilib və rejim məhz bundan sonra kimyəvi silaha əl atıb.