Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan şənbə günü deyib ki, ABŞ-da mənzillənmiş islamçı vaiz Fətullah Gülənə və ona yaxın media qurumlarına qarşı cinayət təhqiqatını şəxsi nəzarətə götürüb.
Prezident bu işlərin siyasi motivli olduğu və qisas xarakteri daşıdığı barədə iddiaları da rədd edib.
Bundan bir gün əvvəl, cümə günü İstanbul məhkəməsi Gülənin həbsi üçün order verib. Ona qarşı qaldırılmış cinayət işində Fətullah Gülən terrorçu qəsdə rəhbərlik etməkdə və terrorçu vasitələrlə hakimiyyəti zəbt etmək cəhdində ittiham olunur.
«Reuters» agentliyi yazır ki, Pensilvaniya ştatında könüllü sürgündə yaşayan Gülənin həbsi üçün verilmiş order Vaşinqton və Ankara arasındakı münasibərtləri sınağa çəkə bilər. Bir çox Qərb təhlilçiləri isə ABŞ-ın Güləni Ankaraya təslim edəcəyinə inanmırlar.
Ərdoğan bu hüquqi prosesi yaxından izlədiyini bildirib: «Hər bir iş qanunçuluq çərçivəsində görülür. Burada heç kimi linç etmirlər».
Ötən həftənin sonunda Türkiyə polisi "Hizmət”ə yaxın olduqları iddia edilən media təşkilatılarının binalarına reydlər keçirmişdi. Türkiyə polisinin reydlərini pisləyən Avropa İttifaqına isə cənab Ərdoğanın reaksiyası çox sərt olub: "Nə olsun ki, həbs olunanlar jurnalistdirlər? Jurnalistlər cinayət törətmirlər?... Jurnalistikadan pərdə kimi istifadə edirlər”.
Ərdoğan iddialarını əsaslandırmaq üçün Britaniyada telefon söhbətlərinə qulaq asılmasına görə məhkum edilmiş jurnalistləri misal göstərib.
Avropa İttifaqının tənqidlərinə gəlincə isə, Ərdoğan rişxəndlə bildirib ki, Türkiyəni pisləmək üçün hətta Milad bayramı günlərindən də istifadə edirlər: "Amma 50 ildir ki, Türkiyəni üzvlük növbəsində gözlədirlər. Türkiyə Avropa İttifaqının qapı gözətçisi deyil”.