Putinin rusiyalı oliqarxlara xaricdəki pullarını Rusiyaya gətirmələri çağırışına ilk müsbət cavab Rusiyanın ən zəngin iş adamı Alişer Usmanovdan gəlib.
Baki-xeber.com xəbər verir ki, 15,1 milyard dollar sərvətlə Rusiyanın ən zəngin adamı olan və "Forbes”in "İlin iş adamı" seçdiyi Usmanovun Cənubi Kiprdə iki ofşor şirkətdə olan Megafon GSM hissələrini və digər bəzi aktivlərini Rusiyadakı holdinqinə köçürdüyü bildirilir.
İndi Putin digər oliqarxların da bu addımı atmasını gözləyir.
Qeyd edək ki, Ukrayna böhranı, Qərbin sanksiyaları, neft qiymətlərinin həddindən artıq düşməsinə görə, çətin günlər yaşayan Rusiya, iqtisadi böhrandan çıxmaq üçün ciddi fəaliyyətə keçib. Iki gün əvvəl Rusiya prezidenti Vladimir Putin 40-a yaxın oliqarxla Kremldə görüş keçirib. Putin oliqarxlara böhrandan çıxmaq üçün işbirliyi təklif edib. İş dünyasından hökumətə dəstək tələb edən Putin, neftdən asılı iqtisadi quruluşun modernizasiyası üçün yeni bir fürsətin ortaya çıxdığını bildirib.
Rusiyanın iqtisadiyyatının çətin bir dövrdən keçdiyini vurğulayan Putin, ölkədən çıxarılan pulların geri qaytarılması ilə əlaqədar maliyyə amnistiyası məsələsini də yenidən gündəmə gətirib. Rus lider Rusiyanın mövcud böhranın öhdəsindən gələ biləcəyini, ancaq bunun asan olmayacağını bildirib.
Putin iş dünyası ilə yığıncaqda iqtisadi restrukturizasiya, maliyyə amnistiyası, iqtisadiyyatın şaxələnməsi və yeni investisiyaların qarşısının açılması mövzusunda təkliflər gözlədiyini də deyib.
Putinin iş adamları ilə keçirdiyi yığıncağa ev dustaqlığından yeni buraxılan AFK Sistemanın ortaqlarından Vladimir Yevtuşenkov da qatılıb. Toplantıda Alişer Usmanov, Oleq Deripaska, Vladimir Potanin, Vahid Ələkbərov, Pyotr Aven, Mixail Proxorov, Genadi Timçenko kimi Rusiyanın məşhur milyarderləri iştirak edib.
Onu da qeyd edək ki, Putin 2000-ci ildə ilk dəfə iktidara gələndə Yeltsin dövründə iqtidara ciddi təsiri olan oliqarxları siyasətdən kənarlaşdırmağa başladı. Həmin vaxt Qusinksi, Berezosvki kimi medianı da nəzarətdə saxlayan oliqarxlar siyasətdən kənarlaşdırıldı. Daha sonra siyasətdə aktivləşməyə başlayan Xodorkovski həbs edildi.
Putinin oliqarxlarla son yığıncağına, Başneft neft şirkəti əlindən alınan Yevtuşenkovun da çirkli pul yumaqda "şübhəli" olduğu bir dövrdə qatılması xüsusi diqqət çəkdi.