Rusiya prezidenti Vladimir Putin təhlükəsizlik orqanları günü ilə bağlı Kremldə keçən təntənəli tədbirdə çıxış edərkən xarici kəşfiyyat xidmətlərinin fəallığının artdığını deyib.
"Yalnız əkskəşfiyyat xəttilə cari ildə xarici xüsusi xidmətlərin 230-dan artıq əməkdaşı və agentləri ifşa olunub”, - Rusiya prezidenti bildirib. Vladimir Putinin sözlərinə görə "Rusiyanı qoxutmaq, saxlamaq və təcrid etmək” mümkün olmayacaq.
"Bu indiyədək alınmayıb və alınmayacaq. Eyni zamanda biz müəyyən çətinliklərdən keçməyə hazır olmalıyıq və suverenliyimizə, sabitliyə və cəmiyyətimizin birliyinə yaranan hər hansı təhlükələrə adekvat cavab verməliyik”.
Rusiya lideri deyib ki, 2014-cü ildə Rusiya xüsusi xidmətlərinin fəaliyyəti nəticəsində "8 terror aktı daxil olmaqla 60-dan artıq terror istiqamətli cinayətlərin qarşısı alınıb”.
Cümə axşamı Moskvada keçən ənənəvi il sonu mətbuat konfransında Vladimir Putin Qərbi Rusiyanı zəiflətmək niyyətində ittiham edib.
"Siz dediniz ki, Berlin divarı çökdü, lakin indi nəisə yeni divarların qaldırıldığını görürük... Berlin divarının çökməsindən sonra bizə NATO-nun Şərqə doğru genişlənməyəcəyini məgər demirdilər? Lakin o qəfil getdi axı. Genişlənmənin iki dalğası oldu. Bu bəyəm divar deyil?”, - Rusiya prezidenti suala cavab verərkən deyib.
Aprel ayında Krımın ilhaqından sonra Rusiya ilə Qərb ölkələri arasında əlaqələr gərginləşib. Qərb Moskvanı Ukraynanın şərqindəki separatçılara hərbi dəstək göstərməkdə suçlayır. Rusiya ittihamları rədd edib.