ABŞ prezidenti Barak Obama Rusiya tərəfindən ilhaq olunan Krımın iqtisadi blokadaya alındığını elan edib. APA-nın "RİA Novosti”yə istinadən verdiyi məlumata görə, B. Obama Ağ Evdə keçirdiyi mətbuat konfransında bu barədə fərman imzaladığını bildirib:
"Bu gün mən Ukraynadakı vəziyyətlə bağlı sonrakı addımları müəyyənləşdirən fərman imzaladım. Fərman Krıma əmtəə, texnologiyalar və xidmətlərin ixracını, Krımdan idxalatı və Krıma sərmayə yatırılmasını qadağan edir. Fərman maliyyə nazirinə Krımda iş görən şirkətlərə və fiziki şəxslərə sanksiyalar tətbiq etmək hüququ verir”.
B. Obama Rusiyanı bir daha Krımın işğalında və ilhaq cəhdində, eləcə də Ukraynanın şərqindəki separatçıları dəstəkləməkdə ittiham edib: "Fərmanda məqsəd odur ki, bölgədə iş aparan Amerika korporasiyalarına situasiyanı aydınlaşdıraq və ABŞ-ın Krımın Rusiya tərəfindən işğalı və ilhaq cəhdi ilə razılaşmayacağını təsdiqləyək. Mən bir daha Rusiyanı işğala və Ukraynanın şərqindəki separatçıları dəstəkləməyə son qoymağa, Minsk razılaşmalarına uyğun olaraq öz öhdəliklərini yerinə yetirməyə çağırıram”.