Rusiya İstintaq Komitəsi (SKR) Çeçenistan respublikası başçısı Ramzan Kadırovun hüquq müdafiəçisi və "İşgəncələr əleyhinə" komitənin başçısı İqor Kalyapin barədə söylədiklərini yoxlamağa başladığını bildirib.
Kadırov bundan əvvəl "hansısa bir Kalyapinin" Qroznıya dekabrın 4-də hücum etmiş yaraqlıların maliyyələşdirilməsinə aidiyyəti olduğunu bildirmişdi.
İqor Kalyapin BBC Rus xidmətinə SKR nümayəndələrinin onunla artıq əlaqə yaratdıqlarını bildirib.
Hüquq müdafiəçisi münaqişənin Kadırovun özünün Instagram səhifəsində silahlıların maliyyələşdirilməsi barədə etdiyi yazıdan sonra başlandığını bildirib.
Bundan əvvəl Kalyapin Ramzan Kadırovun "valideynlərin övladlarının əməllərinə görə cavabdeh olmaması dövrünün keçdiyi" ifadəsilə bağlı Baş prokurorluğa ərizə ilə müraciət etmişdi.
Hüquq müdafiəçisi həmin cümlənin qanunvericiliyə nə dərəcədə uyğun olduğu ilə maraqlanmışdı.
Kadırovun sözlərindən sonra Çeçenistanda 4 dekabr hadisələrində iştirak etmiş yaraqlıların qohumlarına məxsus olduğu güman edilən bir neçə ev yandırılmışdı.
Daha sonra, dekabrın 13-də Qroznıda "İşgəncələr əleyhinə" komitənin ofisi yandırılmışdı.
Hüquq müdafiəçiıəri hücumdan ehtiyat edərək ofisin yerləşdiyi mənzili hadisədən bir qədər əvvəl tərk edə bilmişdilər.
İqor Kalyapin Baş prokurorluq və İstintaq komitəsindən Kadırovun bəyanatlarında qanunvericiliyin pozulmasına yol verilib-verilmədiyinin yoxlanılmasını və müvafiq tədbir görülməsini xahiş edib.
Buna cavab olaraq Kadırov İnstaqramında yazıb ki, "hansısa bir Kalyapin quldurların və onların qohumlarının müdafiəsinə qalxıb".
"Çeçenistanda insan hüquqlarını mən müdafiə edirəm", Ramzan Kadırov vurğulayıb.
Çeçenistan rəhbəri əlavə edib ki, hüquq müdafiəçisindən terrorçuluğu dəstəkləməkdə şübhə edir.
"Səlahiyyətli orqanların məlumatına əsasən, Qərbin xüsusi xidmət orqanlarından pulu quldurlara Kalyapin adlı adam ötürüb. Onun həmin Kalyapin olub-olmadığını yoxlamaq lazımdır", Kadırov İnstaqramında qeyd edib.
İqor Kalyapin ümid edir ki, prezident Vladimir Putinin ötən gün mətbuat konfransında dediyi sözlər yaranmış vəziyyətin çözülməsinə kömək edəcək.
Çeçenistan rəhbərinin bəyanatlarına münasibəti barədə suala cavab verən Putin deyib ki, "məhkəmənin qərarı olmadan heç kimi təqsirli saymaq olmaz".
Rusiya prezidentinin sözlərinə görə, terror aktını törədənlərin qohumlarının bunu bilməsi ehtimalı əsasında "heç kimin, o cümlədən, Çeçenistan prezidentinin də məhkəmə olmadan kimisə cəzalandırmağa haqqı yoxdur".
Putinin sözlərinə görə, hüquq-mühafizə orqanları Çeçenistanda evlərin yandırılması barədə məlumatları yoxlamaqdadır.
"İşgəncələr əleyhinə" komitə Çeçenistanda işini davam etdirən azsaylı hüquq müdafiəsi təşkilatlarından biridir.