Almaniya Xarici İşlər Nazirliyi (XİN) Dağlıq Qarabağın beynəlxalq hüquq baxımından Azərbaycana məxsus olduğunu bir daha təsdiq edib. Trend-in Almaniya XİN-in saytına istinadən verdiyi məlumata görə, AFR XİN-in dövlət katibi Ştefan Ştaynlayn Dağlıq Qarabağ münaqişəsi üzrə ATƏT-in Minsk qrupunun həmsədrləri Pyer Andryö (Fransa), İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ), eləcə də ATƏT sədrinin xüsusi nümayəndəsi Anji Kaspşik ilə Almaniya XİN-də görüş keçirib.
Görüşdə Ermənistan və Azərbaycan arasında artıq 20 ildən çoxdur davam edən münaqişədə artan gərginlik riski fonunda münaqişənin siyasi həlli imkanları, münaqişə tərəfləri arasında etimadın yaradılması və problemin həlli prosesində Aİ-nin daha fəal iştirakı məsələləri müzakirə edilib.