Müsavat Partiyasının başqanı Arif Hacılı Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlini və "Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunu barışığa çağırıb. APA-nın məlumatına görə, A. Hacılı "facebook” səhifəsində qeyd edib ki, R. Arifoğlu və "Yeni Müsavat" qəzeti ilə "Azadlıq" qəzeti, Ə. Kərimli, onun tərəfdarları və yaxınları arasında qarşıdurma əndazəni aşıb, qırmızı xətt keçilib: "Zamanında müxalifətə qarşı istifadə olunan, nifrətlə qarşıladığımız təbliğat metodları durdurulmalıdır. Hörmətli Əli Kərimlinin bu istiqamətdə digər çağırışlarla yanaşı, mənim də xahişimi nəzərə alacağına, bu qovğanı dayandırmaq üçün səy göstərəcəyinə inanıram. Hörmətli Rauf bəydən də "Azadlıq" qəzeti haqqında şikayət ərizəsini geri götürməsini xahiş edirəm”.
R. Arifoğlu APA-ya açıqlamasında bildirib ki, AXCP hələ də bütün funksionerləri və lideri başda olmaqla, "Yeni Müsavat"a qarşı mənəvi terroru davam etdirir. O, yaranmış vəziyyətlə bağlı Azərbaycan ictimaiyyətinə, ziyalılara və siyasi partiyalara müraciət edib: "Bu prosesdə hər hansı neytral mövqe tutan, aramıza bərabərlik işarəsi qoyan hər kəsi də mənəvi terrora məruz qoyurlar. Fikrini söyləyən hər kəsin üstünə qarğa-quzğun kimi dəstə ilə gedirlər, onları öz fikrindən daşındırmaq taktikası həyata keçirirlər. Bunları elə aqressiv formada nümayiş etdirirlər ki, sanki, digərlərinə dərs olsun. Bu, tam bir ifşa prosesidir. AXCP, onun fəallarının, liderinin Azərbaycan siyasətini necə zibilləməsinin, müxalifət düşərgəsini necə parçalamasının və bu taktikanı necə israrla həyata keçirməsi göz önündədir. Mən isə heyrətlə bu prosesi izləməkdəyəm. Sanki bunların başqa mandatı yoxdur, müstəqil bir qəzeti gözdən salmaq, onun baş redaktorunu hər cür əxlaqsız hərəkətlərlə, şantajlarla, nüfuzdan salmaqdan başqa heç bir işləri yoxdur. Buna görə də mən bu duruma öz üsyanımı bildirirəm və Azərbaycan ictimaiyyətinə, ziyalılara, siyasi partiyalara müraciət edirəm ki, bu mənəvi terrordan bizi qorumaq üçün təşəbbüs göstərsinlər”.
R. Arifoğlu qeyd edib ki, A. Hacılının müraciətinə münasibət bildirərək qeyd edib ki, hələ ki, "Azadlıq” qəzeti ilə bağlı şikayət ərizəsini geri götürmək fikrində deyil: "AXCP barışığa, sakitliyə çağıran insanları da repressiyalara məruz qoyur. Bu cür anormal vəziyyət Azərbaycan siyasətində heç vaxt olmamışdı. Bu adamlar barışmaq və sakitləşmək istəmirlər. "Azadlıq” qəzeti ilə bağlı şikayəti geri götürmək faktı yoxdur, ancaq mən bu istiqamətdə olan müraciətləri dəyərləndirirəm”.