Türkiyə iqtisadiyyatı artır və enerji resurslarına ehtiyac duyur (Trend). Bunu Rusiya Prezidenti Vladimir Putin sayca onuncu böyük mətbuat konfransında deyib.
Onun sözlərinə əsasən, Türkiyə özünün daxili bazarı üçün enerji resurslarının artırılması barədə məsələni gündəmə gətirir.
Türkiyədə qaz qovşağının yaradılması Avropadan asılıdır
V. Putin qeyd edib ki, Rusiya və Türkiyə artıq qaz məsələləri üzrə əməkdaşlıq edir və Ankara "Cənub axını" qaz kəməri vasitəsilə qaz alır: "Ölkələr artıq qiymət formullarına, eləcə də tədarük qrafiklərinə malikdirlər və Rusiya əlavə qaz həcmləri satmağa hazırdır".
Türkiyə və Yunanıstan sərhədində qaz qovşağının yaradılması imkanları məsələsini şərh edərkən V. Putin deyib ki, bu, avropalı tərəfdaşlardan asılıdır.
Prezident əlavə edib ki, qovşağın yaradılması Rusya qazını Yunanıstan, Makedoniya, Serbiya və Baumqartenə (Avstriya) tədarük etməyə imkan verəcək.
Rusiya və Türkiyənin üst-üstə düşən regional maraqları çoxdur
Putin bildirib ki, Rusiya və Türkiyənin üst-üstə düşən xeyli regional maraqları var və Türkiyənin iştirakı olmadan bu məsələləri həll etmək mümkün deyil. Onun sözlərinə görə, Rusiya Türkiyə ilə münasibətlərə maraq göstərir və Moskva bu münasibətləri inkişaf etdirəcək.
Kipr məsələsinə toxunan RF Prezidenti qeyd edib ki, Moskva balanslaşdırılmış mövqe tutmağa və adanın həm Türkiyə, həm də yunan tərəfini qane edə biləcək həll yolunu tapmağa çalışır: "Bizim Türkiyə ilə çox səmimi münasibətlərimiz var. Biz həmişə olduğu kimi, məsələnin balanslaşdırılmış həlli üçün səy göstərəcəyik”.
Qərb rus ayısını zəncirləmək istəyir
Putin Rusiyanı Qərbin zəncirləmək istədiyi ayıya bənzədib (APA). Qərbin siyasətini tənqid edən V. Putin bildirib ki, Rusiya hər məsələdə və atdığı hər addımda problemlər, ona qarşı mübarizə və opponentliklə qarşılaşır: "Mən Valday klubunda çıxışımda bizim ən çox tanınan simvolumuz olan və tayqanı qoruyan ayıdan bir misal çəkmişdim. Mən hərdən düşünürəm ki, bəlkə bizim ayımız sakit otursun, tayqada qabanları qovalamasın, bunun əvəzində giləmeyvə, bal yesin, bəlkə belə olsa, onu rahat buraxarlar. Yox, rahat buraxmazlar. Hər zaman onu zəncirləməyə çalışacaqlar və buna nail olan kimi, onun dişlərini və dırnaqlarını sökəcəklər”.
Bizdə saray çevrilişi ola bilməz, çünki saraylarımız yoxdur
"Bizdə saray çevrilişi ola bilməz, çünki bizdə saraylar yoxdur” – deyə Putin bildirib.
V. Putin qeyd edib ki, Rusiyadakı sabitlik xalqın dəstəyinə əsaslanır: "Saraylarımız yoxdur, bizdə Kreml var və o, etibarlı şəkildə qorunur. Lakin sabitliyimiz buna əsaslanmır. Xalqın dəstəyindən etibarlı baza yoxdur”.
Rusiya prezidenti bildirib ki, ölkə vətəndaşlarının maraqlarını yalnız güclü Rusiya dövləti müdafiə edə bilər.
Kadırovun belə danışmağa haqqı yoxdur
Putin "Dojd” telekanalının müxbiri Kseniya Sobçakın "Ramzan Kadırov bəyan edib ki, Çeçenistan ərazisində Rusiya qanunları işləmir. O deyib ki, terror aktlarında iştirak edənlərin qohumları cəzalandırılacaq. Siz bu insanları müdafiə edəcəksinizmi?” sualını da cavablandırıb. O, bildirib ki, Rusiyada hamı qanunlara hörmət etməlidir: "Məhkəmənin qərarı olmadan heç kim günahkar elan edilə bilməz. Lakin bu, heç kimə, o cümlədən Çeçenistan rəhbərinə icazə vermir ki, belə danışsın”.
Çeçenistan rəhbəri R. Kadırovun emosional çıxışını başa düşdüyünü deyən Rusiya prezidenti çeçen cəmiyyətinin ondan məhz bunu gözlədiyini vurğulayıb. Bununla yanaşı V. Putin Kadırovun belə danışmağa haqqının olmadığını deyib.