ABŞ Kubaya qarşı ticarət embarqosunu yumşaltmaq və rəsmi Havana ilə diplomatik münasibətləri bərpa etmək niyyətindədir. APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ administrasiyasının rəsmisi xüsusi brifinqdə bəyan edib.
ABŞ 1961-ci ildə bağlanan Havanadakı səfirliyini açmaqla yanaşı fərdi evlərin tikilməsi üçün inşaat materiallarına, bir sıra istehlak mallarına, xırda fermalar üçün texnika ixracatına məhdudiyyəti aradan qaldırmaq niyyətindədir. Həmçinin ölkələr arasında bəzi maliyyə əməliyyatlarının keçirilməsi də mümkün olacaq
ABŞ prezidenti Barak Obama da rəsmi olaraq Kuba ilə diplomatik və iqtisadi münasibətlərin bərpasını bəyan edib. Dövlət başçısı qeyd edib ki, bu, son 50 il ərzində ABŞ-ın xarici siyasətində ən əhəmiyyətli dəyişiklikdir.
Kubanın lideri Raul Kastro isə yerli televiziya vasitəsilə xalqa müraciət edərək ABŞ-la münasibətlərin bərpasını təsdiqləyib. Məlumatına görə, Vaşinqtonda və Havanada hər iki ölkənin səfirliyinin açılacağı gözlənilir.
"Biz yarım əsir əvvəl kəsilmiş diplomatik münasibətləri bərpa edirik”, deyə R.Kastro bildirib.