"İslam Dövləti” qruplaşmasının sıralarında indi 800-dən 1500 qədər rusiyalı döyüşür, Rusiyanın Milli Anti-Terror Komitəsi (MAK) bildirib. Təhlükəsizlik rəsmilərinə görə, bu insanlardan bəziləri "xüsusi tapşırıq və məramla” Rusiyaya geri dönməyə hazırlaşır.
MAK nümayəndələri bildirib ki, "İslam Dövləti” tərkibində "Qafqaz Əmirliyi” qruplaşmasının nümayəndələri və eyni zamanda "Hizb ut-Tahrir” tərəfdarları hərbi təcrübə keçir.
Təhlükəsizlik qüvvələrinin bildirdiyinə görə, islamçıların sıralarına çağırış əsasən internet vasitəsilə həyata keçirilir. İnternet üzərindən təxminən 10 min portal fəaliyyət göstərir ki, bunlar vasitəsilə ekstremist ideyaların təbliği həyata keçirilir, MAK nümayəndəsi Andrey Prjezdomski bildirib. İnternetdə indi sadəcə vaizlik deyil, həmçinin hərbi təlimlər də aşılanır, cənab Prjezdomski əlavə edib.
MAK-nə görə, Rusiyada bu il ərzində heç bir terrorist hücumu baş verməyib. Bu yaxınlarda Qroznıda baş vermiş hücum, bu ilin oktyabrında Qroznıdakı metal detektorun bünövrəsində baş vermiş partlayış, eyni zamanda baş vermiş digər hadisələr MAK tərəfindən terrorist hücumları kimi deyil, "terror istiqamətində cinayətlər” kimi qiymətləndirilib.
Təhlükəsizlik rəsmilərinin bildirdiyinə görə, son illərdə təhlükəsizlik qüvvələri yaraqlıların bir çox liderini qətlə yetirib və ekstremistlərin kameraları arasında əlaqə sistemini kəsə bilib. Təkcə bu il Şimali Qafqazda 74 anti-terror əməliyyatı həyata keçirilib. MAK-nin bildirdiyinə görə, 243 yaraqlı qətlə yetirilib. Bu məsələ ilə bağlı təhlükəsizlik rəsmiləri bildirir ki, onların fəaliyyətinin ən əhəmiyyətli tərəfi ekstermizmin qarşısının alınmasıdır.
Eyni mazanda, dekabrın beşində Çeçenistan lideri Ramzan Kadırov ekstremizmə qarşı özünün mübarizə üsulunu təklif edib. O deyib ki, yaraqlıların ailələri dərhal Çeçenistandan kənarlaşdırılacaq və onlara geri qayıtma haqqı verilməyəcək, onların yaxınlarının evləri isə dağıdılacaq.
Evi yandırılmış şəxslərdən biri BBC-yə bildirib ki, onun oğlunun adı dekabrın 4-də Qroznıda baş vermiş hücumda hallanmayıb.
MAK nümayəndəsi BBC-yə yandırılmış evlə bağlı onlarda sübutun olmadığını deyib.