Rusiya günə Mərkəz Bankın "şok müalicə" qərarı ilə başladı, ancaq rubl dəyər itkisində rekord qırmaqda davam edir. Baki-xeber.com xəbər verir ki, Rusiyada iki gündür üst-üstə maliyyə bazarlarında yaşanan şok dalğalar baş nazir Medvedyevin vurulacağı barədə iddialarını da gücləndirib. Rusiya mediasında gündəmə gətirilən iddia və Kreml dəhlizlərində dolaşan məlumatlara görə, keçmiş maliyyə naziri Aleksey Kudrinə baş nazirlik postu təklif edilib.
Kudrinin sözçüsü isə xəbərləri təkzib edir. Ancaq buna baxmayaraq "Dəyişiklik üçün uyğun vaxt gözlənilir" deyənlərin sayı da artır.
Jurnalist Konstantin Eggert Twitterdə etibarlı mənbəyə istinadən paylaşdığı bir qeyddə yazır: "Aleksey (Kudrin) baş nazirlik üçün təklif aldı. Amma bu, təklifi qəbul etdiyi mənasını vermir. Qaynaq deyir ki, vəziyyət çətindir, amma faciəli deyil. Aleksey Kudrin hələlik bu vəzifəyə gətirilməyəcək".
Kudrinin öz Twitter səhifəsində, "Mərkəz Bankının faiz artırma qərarı doğrudur" mesajı isə müzakirələri daha da qızışdırıb. Ancaq onun sözçüsü "Bu məlumat yalandır" deyərək iddiaları təkzib edir.
RBK-ya açıqlama verən mənbələr bildirir ki, indiki halda Medvedyev vəzifədən alınsa, «mövcud vəziyyətin günahkarı Qərb sanksiyaları deyil, hökumətdir» mənasını verər. Bunu isə Kreml istəməz.
Keçmiş məşhur siyasətçilərdən olan Yavlinski keçən həftə Kudrinin baş nazir postuna təyin edilməsini təklif etmişdi. Kudrin də bundan əvvəl hökumətin yaxın vaxtlarda istefa verə biləcəyini demişdi.
Təkziblərə baxmayaraq, yaxın vaxtlarda Medvedyevin istefaya göndərilib, Kudrinin gətirilmə ehtimalının hələ də yüksək olduğu bildirilir. Kudrin liberal qanadın nümayəndəsi olaraq uzun illər Rusiya iqtisadiyyatının "ağır topu" kimi vəzifə yerinə yetirib, Medvedyevlə mübahisə edib istefa verdikdən sonra da Putinin ən yaxın "fəxri" məsləhətçi kimi fəaliyyət göstərib. Medvedyev kimi Kudrin də Putinin St. Peterburqda Moskvaya gətirdiyi qrupdandır.
Onu da qeyd edək ki, Medvedyevlə yanaşı Mərkəz Bankı rəhbəri Nabiullinanın da istefaya göndəriləcəyi barədə xəbərlər dolaşır. Ancaq bununla bağlı Kremldən hələlik heç bir açıqlama verilməyib...