Rusiyada Mərkəzi Bankın Direktorlar Şurası əsas faiz dərəcəsini 10,5-dən 17 faizə qaldırıb. Bu son 15 il ərzində rubl məzənnəsinin ən kəskin şəkildə aşağı düşməsinə reakisya olub.
Maliyyə qurumu öz qərarını son zamanlar artmış "devalvasiya və inflyasiya risklərinin” qarşısını almaq niyyətilə əlaqələndirib.
İlin əvvəlindən Mərkəzi Bank rublun sabitləşməsinə 70 mlrd. dollar yönəldib. Buna rəğmən Rusiya valyutası ucuzlaşmaqda davam edib. Bazar ertəsi rubl dollara nisbətdə bir gün ərzində dəyərinin 10 faizini itirib. Moskva birjasındakı satışlar nəticəsində dolların qiyməti 58-dən 63,1-ə çatıb. Eyni gündə avronun kursu da təqribən 6 rubla artaraq 78,5 səviyyəsində qərarlaşıb.
Rusiya Mərkəzi Bankı ilin əvvəlindən bəri əsas faiz dərəcəsini 6 dəfə qaldırıb.
Dekabr ayının əvvəlində Rusiya hökuməti xəbərdarlıq edib ki, Qərbin sanksiyalarına və düşən neft qiymətlərinə görə gələn il ölkənin iqtisadiyyatı tənəzzülə uğrayacaq. Dünya Bankının proqnozuna görə neft bazarlarında vəziyyət dəyişməz qalarsa Rusiya iqtisadiyyatının həcmi gələn ildə 0.7 faiz azalacaq.