Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan müxalifətdə olan media nümayəndələrinin həbsinə görə Avropa Birliyinin tənqidini rədd edib. O Brüsseli öz işləri ilə məşğul olmağa çağırıb.
O qeyd edib ki, Avropa Birliyi ölkənin milli təhlükəsizliyinə əngəl olan ünsürlərə qarşı görülən qanuni addımlara qarışa bilməz.
Türkiyə polisi dekabrın 14-də müxalifətdə olan bir neçə qəzet və televiziyanın ofisində reyd və həbslər keçirib. Azı 24 nəfərin həbs edildiyi xəbər verilir. ABŞ-da fəaliyyət göstərən dini xadim Fətullah Gülənə yaxın olan «Zaman» qəzeti və «Samanyolu» televiziya kanalının rəhbərləri də həbs olunanlar arasındadır.
Əvvəllər indiki prezident Rəcəb Tayyib Ərdoğanın yaxın müttəfiqi olan Fətullah Gülən indi onun əsas rəqibi hesab olunur.
Avropa Birliyinin xarici siyasət məsələləri üzrə rəsmisi Federica Mogherini və genişlənmə komissarı Johannes Hahn bu həbslərin Avropa dəyərlərinə zidd olduğunu bəyan ediblər.
Həmçinin ABŞ Dövlət Departamenti Türkiyə hakimiyyətini bu reydlərin mətbuat azadlığı və digər demokratik dəyərlərə zidd olmadığına təminat verməyə çağırıb.