Almaniyanın şərqində, Drezden şəhərində 10,000 nəfərin "Qərbin islamlaşması əleyhinə" şüarı altında keçiriləcək yürüşdə iştirak edəcəkləri gözlənilir. Eyni zamanada təxminən eyni sayda vətəndaşların əks əqidəli aksiyaya çıxacağı da xəbər verilir. Aksiyanı Drezdendə yaranmış "Vətənpərvər avropalılar Qərbin islamlaşmasına qarşı" (Pegida) adlı təşkilat keçirir.
"Pegida" bir həftə bundan əvvəl də Drezdendə oxşar şüarlarla yürüş keçirmişdi.
Almaniya Ədliyyə naziri Heiko Maas "Pegida"nın etirazını "rüsvayçılıq" adlandırıb, lakin avroskeptiklərin partiyası olan AfD "Pegida"nın hərəkətlərini dəstəkləyir. "Onların tələblərinin əksəriyyəti qanunidir," mühafizəkar Alternativ fuer Deutschland (AfD) partiyasının sədri Bernd Lucke deyir. Bu partiya Almaniya hökümətindən immiqrasiya siyasətinin sərtləşdirilməsini və avrodan imtina etməyi tələb edir.
Ölkənin qərbində, Köln şəhərində, bazar günü təxminən 15,000 adam "Burası Köln - Nasilərin yeri yox" şüarı altında tolerantlıq naminə keçirilmiş yürüşdə iştirak ediblər.
Suriya və İraqdakı müharibələrə görə sığınacaq istəyənlərin sayı kəskin artdığından Almaniyada immiqrasiya mövzusu bu ilin ən gərgin müzakirə edilən məsələsinə çevrilib.
Qəbul etdiyi sığınacaq istəyənlərin sayına görə Almaniya Avropa ölkələri arasında 1-ci yerdədir.
Almaniya rəsmilərinin hesablamalarına görə, 2014-cü ildə ölkədə sığınacaq almaq üçün müraciət edənlərin sayı 2013-cü ilə nisbətən 127,000 artaraq 200,000-ə çatacaq.
Almaniya mətbuatının yaydığı xəbərə görə, "Pegida" hərəkatı Lutz Bachmann adlı 41 yaşlı keçmiş aşbaz, hazırda isə qrafika dizaynı ilə məşğul olan şəxs tərəfindən Facebook şəbəkəsi vasitəsilə yaradılıb.
İrqçi olmadığında təkid edən bu şəxs, vaxtilə narkotik dəllallığı da daxil bir sıra qanun pozuntularına görə 2 il həbsdə yatmışdı.