Rusiyanın Krımı ilhaq etməsinin acı nəticələri görünməyə başlandı. Dünya bazarında neftin qiymətinin aşağı düşməsi və Qərbin Moskvaya qarşı sanksiyaları Rusiyada rubla və enerji iqtisadiyyatının durumuna xeyli mənfi təsir göstərib.
Baki-xeber.com xəbər verir ki, Rusiya hökumətinin bütün səylərinə baxmayaraq rubl dollar və avroya nisbətdə ucuzlaşmaqda davam edir. Bir neçə gün əvvəl rubldakı dəyər itkisini önləmək üçün Rusiya Mərkəzi Bankı faiz dərəcəsini də bir faiz artıraraq 10,5 faizə qaldırıb. Ancaq qeyd edildiyi kimi bu kimi tədbirlər da rublun düşüşünü önləmək üçün yetərli olmadı. Ekspertlərin fikrincə, bir gündə 8 faiz fövqəladə dəyər itirən rubl 1998-ci ildən sonrakı ən ağır şərtlərə doğru sürətlə irəliləməkdədir. Keçən il bu günlərdə 1 dollar 33 rubla bərabər olduğu halda indi 56 rubla qədər düşüb.
117 dollar olan neftin bir neçə ayda 70 dollardan da aşağı düşməsi neftdən asılı olan bu ölkənin iqtisadiyyatına ciddi şəkildə təsir edir. Misal üçün Danimarkanın "Saxo Bank”ına görə, Rusiyanı güclü iqtisadi fırtına gözləyir. Bank analitikləri hesab edir ki, iqtisadi böhran yaşayan Rusiya 1998-ci ildə olduğu kimi "hər şeyi ağ vərəqdən” başlamamalı olacaq. Bildirilir ki, Rusiyanın bəzi dövlət şirkətləri iflasa uğramaq astanasındadır. Bundan başqa, danimarkalı bankirlərin proqnozlarına görə, bu gedişlə Rusiya hökuməti defolt elan etmək məcburiyyətində qalacaq: "2015-ci ilin sonuna qədər Rusiya şirkətləri xarici öhdəliyə görə 134 mlrd. dollar ödəməlidir. Lakin həm özəl şirkətlər, həm də dövlət pul çatışmazlığından ehtiyatlanır. Bu isə vəziyyəti bir qədər də qəlizləşdirir”.
Rusiya iqtisadiyyatında yaşanan durğunluğun ən böyük səbəbi isə Ukrayna böhranına görə Qərb ölkələrinin tətbiq etdiyi sanksiyalardır. Rusiyanın dövlət şirkətləri və banklarının beynəlxalq maliyyə bazarlarına çıxışının məhdudlaşdırılması ölkədə investisiyaların da azalmasına səbəb olur.
Son günlər dünya bazarında neftin qiymətinin aşağı düşməsinin ardınca rublun kəskin surətdə dəyər itirməsi ilə çətin günlər keçirən Rusiyada hökumət dəyişikliyi məsələsi gündəmə gəlir. Maliyyə bazarlarında yaşanan problemlərə görə kabinetdə dəyişiklik tələbləri getdikcə daha da yüksəlir. Hətta Moskvada Putinin yaxın adamı Medvedyevin baş nazir kürsüsündə başqa bir şəxslə əvəzlənməsi kimi fikirlər də səslənir.
Bir neçə gün əvvəl Rusiya baş naziri Dmitri Medvedyevin kabinetdə dəyişiklik ola biləcəyi barədə açıqlamasının ardından "Yabloko” Partiyasının qurucularından Qriqori Yavlinski keçmiş maliyyə naziri Aleksey Kudrinin yenidən kabinetə qaytarılması ilə bağlı Kremlə çağırış edib.
Rusiya prezidenti Vladimir Putinə də yaxınlığı ilə tanınan Kudrin 2008-ci il böhranında tətbiq etdiyi müvəffəqiyyətli maliyyə siyasəti ilə ölkə iqtisadiyyatında müsbət irəliləyişlər əldə edə bilmişdi.
Hökumətdə dəyişikliklərin zəruri olduğunu deyən Yavlinskinin fikrincə Kudrin ya baş nazir ya da baş nazirin köməkçisi olmalıdır: "Kabinetə indi iqtisadi böhranla mübarizə aparacaq və lazımlı tədbirlər görəcək heyət daxil edilməlidir. Belə bir adam Kudrindir…".
Yavlinski daha sonra bildirir: "Kudrin çox təcrübəli bir şəxsdir. Uzun müddət ölkədə maliyyə naziri oldu. Ona xüsusi səlahiyyətlər də verilməlidir...".
Rusiyada optimist ssenariyə görə, dolların 60 rubla qədər yüksələcəyini deyən Yavlinski, "2015-ci ilin sonuna kimi neftin qiymətlərinin 35-40 dollarla qədər düşəcəyi gözlənilir. Ən optimist ssenari dolların 60 rublda qalmasıdır" – deyə bildirib.