Ölkənin şərqindəki rusiyapərəst separatçılarla mübarizə üçün Ukrayna öz hərbi büdcəsini ikiqat artırmaqla 3 milyard dollara çatdırmalıdır. Bunu müdafiə naziri deyib.
Hərbiyyənin müasir silahlara ehtiyac olduğunu deyən Stepan Poltorak orduya çağırılanların sayının artırılmasını da təklif edib. Müdafiə naziri 2015-ci ildə orduya 45 min mükəlləfiyyətlinin çağırılacağını və 10 min adamın xidmətə müqavilə əsasında cəlb olunacağını bildirib. Yeni planlara görə ölkənin şərqində hərbçilərin sayı 232 mindən 250 minə çatdırılmalıdır.
Son 8 ay ərzində davam edən Ukrayna böhranı 4 mindən artıq adamın ölümünə bais olub. 1 milyon adam isə evlərindən didərgin düşüb.
Moskva Donetsk və Luhansk regionlarına hərbi dəstək verdiyi barədə ittihamları rədd edərək, bölgəyə sırf humanitar yardım göstərdiyini bildirir.
Ukraynanın bir neçə istiqamətdən təhlükə ilə üzləşdiyini deyən Stepan Poltorak şərq və cənubdakı Dnestryanı ilə sərhədə əlavə qüvvənin göndəriləcəyini bildirib.
"Bizə təhlükə yalnız şərqdən yox, cənubdan da mövcuddur... Orada (ordu birləşmələrinin) sayını artırmaq lazımdır. Zənnimcə bu batalyondan daha əsaslı şəkildə artıq olacaq. Çünki o tərəfdən Dnestryanı təhlükəsi var”, - Poltorak deyib.
Ukrayna parlamenti ilin sonunadək illik büdcəni təsdiq etməlidir. Cümə axşamı Ukraynanın baş naziri Arseniy Yatsenyuk deyib ki, hərbi büdcə sosial ödənişlərin ixtisarı hesabına artırılacaq.
Beynəlxalq Valyuta Fondu Ukrayna büdcəsində gələn il gözlənilən kəsirin 15 milyard dollar olacağını bildirib.
Bu arada belə görünür ki, Ukraynanın şərqində atəşkəs rejiminə əməl olunur.