"Su dünyada müharibələrin birbaşa əsas səbəbi olmasa da, müharibənin başlamasını stimullaşdıran faktorlardan biridir. Xüsusilə dünyada yaşanan iqlim dəyişikliyi, quraqlıq problemi fonunda Yaxın Şərq kimi su ehtiyatlarının az olduğu bölgələrdə su faktoru ölkələr arasında gərginliyin yaşanmasına səbəb olur”. Bu fikirləri APA TV-də yayımlanan "Panoram” proqramının qonağı, Türkiyənin tanınmış Ortadoğu Strateji Araşdırmalar Mərkəzinin (ORSAM) hidrosiyasət üzrə eksperti Tuğba Evrim Maden deyib.
Onun sözlərinə görə, Suriyada 2011-ci ildə "ərəb baharı”nın su çatışmazlığı problemi ilə başladığına dair iddialar var: "Bilirsiniz ki, bu ölkədə "ərəb baharı” Daarada başlayıb. Daarada ciddi su çatışmazlığı problemi vardı və bu problem su ehtiyatlarının düzgün idarə olunmaması, insanların bu səbəbdən başqa bölgələrə köç etməsi, kənd təsərrüfatı ilə məşğul olmaq əvəzinə qeyri-leqal digər işlərə qurşanması kimi digər problemlər doğurmuşdu. Nəticədə bu problemlər kütləvi toqquşmalara səbəb oldu və burada su faktoru vətəndaş müharibəsini qızışdıran səbəblərdən biri kimi ortaya çıxdı”
Ekspert İŞİD terror təşkilatının İraq və Suriyada su faktorundan planlı şəkildə istifadə etdiyini deyib: "Son dövrlər İŞİD-in bölgənin su mənbələrinə müdaxiləsi faktı ilə rastlaşırıq. Burada su amili həm müharibə səbəbi kimi, həm də müharibələrdə qarşı tərəfə istifadə olunan hücum aləti kimi qarşımıza çıxmaqdadır. İŞİD-in ələ keçirdiyi bölgələr İraqın ən çox su ehtiyatlarına malik bölgələridir. İŞİD-in bu taktikanı planlı şəkildə həyata keçirdiyini görürük. İŞİD Suriyada əməliyyatlara başlayan zaman bu ölkənin iki önəmli su anbarını - Tabka və Kişrini rejimin əlindən almağı, öz nəzarətinə götürməyi bacardı. Bu su anbarları Suriya üçün həm elektrik enerjisi hasilatı, həm də əkin sahələrinin suvarılması baxımından çox mühüm əhəmiyyətə malikdir. Fərat çayı üzərindəki bu su anbarları artıq İŞİD-in nəzarəti altındadır. Bundan başqa İŞİD İraqda irəliləyən zaman apreldə Fəllucə su anbarından müdafiə vasitəsi kimi istifadə edib. Terrorçular anbarın qapılarını açaraq İraq ordusunun Fəllucəyə yaxınlaşmasına əngəl törədiblər. Qapıların açılması çox böyük daşqına səbəb olub, bu daşqın 40 min insanın gündəlik həyatına təsir göstərib”.
Tuğba Evrim Maden hazırda İraqdakı digər su anbarlarına nəzarət uğrunda qızğın döyüşlərin getdiyini bildirib: "Hazırda Hadita su anbarı uğrunda kürd peşmərgələr və İŞİD arasında döyüşlər davam edir. Hadita su anbarı Bağdad üçün həyati əhəmiyyət kəsb edən obyektdir. Bağdadın elektriklə təchizatı bu su elektrik stansiyası vasitəsilə həyata keçirilir. Hadita su-elektrik stansiyasının İŞİD-in əlin keçməsi Bağdadın su və elektriklə təchizatının tamamilə İŞİD-in nəzarətinə keçməsi demək olacaq. Mosul su anbarı da təxminən üç həftəyə yaxın İŞİD-in nəzarəti altında oldu. ABŞ aviasiyasının havadan davamlı zərbələr endirməsi nəticəsində anbar yenidən peşmərgənin əlinə keçdi. Mosul su anbarının bir özəlliyi var. Bu anbarın tikintisi zamanı ciddi səhvlərə yol verilib. Bu səbəbdən həmin anbarın divarlarının daimi olaraq möhkəmləndirilməsi tələb olunur. Çünki bu anbarın inşa edildiyi bünövrə texniki baxımdan su ilə reaksiyaya girə bilən, suyun əridə bildiyi geoloji struktura malikdir. Bu səbəbdən Mosul anbarının dibi mütəmadi olaraq sementlə möhkəmləndirilməlidir. Anbar İŞİD-in əlində olan zaman bu iş görülmədi”.
Ekspert İŞİD-in ələ keçirdiyi, yaxud keçirmək istədiyi su anbarlarını partlatmaq fikrində olmadığını düşünür: "Onların heç bir su anbarını dağıdacağını düşünmürəm. Çünki əgər İŞİD-in o ərazilərdə daimi məskunlaşmaq niyyəti varsa, hər hansı daşqının vuracağı zərər İŞİD-dən də yan keçməyəcək. Çünki baş verə biləcək böyük miqyaslı daşqın torpağın strukturunu tamamilə sıradan çıxara bilər. İŞİD burada məskunlaşmaq və kənd təsərrüfatı ilə məşğul olmaq istəyirsə, suya ehtiyac duyacaq. Mosul su anbarının divarlarının öz-özünə uçması riski var və bu gerçəkləşərsə, Bağdada qədər bütün bölgə su altında qalacaq. Bu, minlərlə insanın ölümünə səbəb ola bilər. Belə bir risk var. Amma hazırda bu su anbarı İŞİD-in nəzarətindən alınıb və peşmərgələrin nəzarətindədir”.
ORSAM eksperti İŞİD-in son zamanlar su faktorundan sahibləndiyi ərazilərdə xalqı itaətə məcbur etmək vasitəsi kimi üçün istifadə etdiyini deyib: "Bir anlığa düşünün, suyu kəsdiyiniz zaman həm içməli su qıtlığı yaranır, həm də əkin sahələrinin suvarılması problemə çevrilir. Bu səbəbdən İŞİD-in nəzarətində olan ərazilərdə kənd təsərrüfatı məhsullarının istehsalı prosesinin AZALdığını görürük. Diyala yaxınlığında, şiəməzhəb əhalinin yaşadığı kəndlərin suya olan ehtiyacı Sudur su anbarı vasitəsilə ödənilir. Bu anbar hazırda İŞİD-in əlindədir və onlar suyu kəsərək xalqı itaətə məcbur etmək istəyirlər. Susuz qalan xalq itaət etmək istəməsə, başqa yerə köçməyə məcbur qalacaq. Yəni, İŞİD su faktorundan yararlanaraq özünə itaət etməyənləri köçə məcbur edir. Əhalinin kütləvi miqrasiyası isə yeni məskunlaşma bölgələrində münaqişələrə səbəb olur. Münaqişələrin səbəbi məhdud su və torpaq ehtiyatlarının düzgün bölünməməsi, iş yerləri azlığı ilə əlaqədar ola bilər. Bu da başqa bir problem kimi qarşımıza çıxmaqdadır. Mən İŞİD-in su anbarlarını addım-addım öz nəzarətinə götürmək niyyətinin planlı və strateji məqsədlərə hesablanmış olduğunu düşünürəm. Neft kəməri nə qədər əhəmiyyət kəsb edirsə, su mənbələri, su anbarları və su kəmərləri də bir bölgəyə nəzarəti ələ keçirməkdə bir o qədər əhəmiyyət kəsb edir”.