İraq, İran və Suriya terror təşkilatı İŞİD-ə qarşı ittifaq yaradır. Bununla bağlı Tehranda toplaşan 3 ölkə rəsmisi İŞİD-ə qarşı birgə əməkdaşlıq barədə razılığa gəliblər.
Baki-xeber.com «Deutsche Welle»ə istinadən xəbər verir ki, Tehrandakı konfransın ardından açıqlama verən İran xarici işlər naziri Məhəmməd Cavad Zərif İraq, İran və Suriyanın terrorizm və radikalizmə qarşı mübarizə mövzusunda əvvəldən eyni mövqedə olduqlarını bildirib.
Yığıncaqda İraqı xarici işlər naziri İbrahim Cəfəri, Suriyanı isə xarici işlər naziri Valid Muallim təmsil edib.
Konfransın açılışında danışan İran prezidenti Həsən Ruhani, bölgədəki ölkələr əməkdaşlıq edəcəyi halda İŞİD kimi «İslam əleyhdarı qrupların» xarici birliklərin dəstəyi olmadan yenilə biləcəyini bildirib. Ruhani çıxışında dünya dövlətlərinə terror təşkilatlarına birbaşa və ya dolayı maliyyə yardımlarına son qoymağa çağırıb.
O, Səudiyyə Ərəbistanı və Qətəri cihad döyüşçülərinə dəstək verməkdə günahlandırıb.
İran prezidenti Tehrandakı konfransda ayrıca dini məktəblərdə islahat aparılmasını da gündəmə gətirib. O, ancaq islahat sayəsində dini ekstremizm və şiddətə qarşı mübarizə aparıla biləcəyini və İslamın mülayim və xoşgörüşlü bir din olmasının dünyaya göstərilə biləcəyini deyib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı və Qətər ABŞ-ın təzyiq ilə İŞİD-lə mübarizə koalisiyasına qoşulub. İran isə bu koalisiyada yer almır.