Amnesty International təşkilatı Qroznıda baş verən hücumda iştirak etmiş silahlıların qohumlarına məxsus ən azı 5 evin yandırılması ilə bağlı araşdırmanın aparılmasına çağırıb. Hüquq müdafiə təşkilatı evlərin yandırılmasını "kollektiv cəzalandırma” kimi dəyərləndirib. Çeçenistan hakimiyyəti bu bəyanata münasibət bildirməyib.
Dekabrın 4-də Qroznının mərkəzində silahlılar dəstəsilə güc strukturları əməkdaşları arasında toqquşma baş verib. Basqına görə məsuliyyəti öz üzərinə "İmarat Qafqaz” qrupu götürüb. Hakimiyyət hücumda iştirak edən 9 nəfərin öldürüldüyünü bildirir.
Hücumun ertəsi günü Çeçenistan lideri deyib ki, valideynlər uşaqlarına görə məsuliyyət daşıyır. "Silahlı şəxs polisi və yaxud da hər hansı digər bir adamı qətlə yetirərsə, həmin silahlının ailəsi ölkəyə qayıtmaq hüququndan məhrum edilərək dərhal Çeçenistan hüdudları kənarına çıxarılacaq və onun evi təməlindən uçurulacaq”, - Ramzan Kadırov Instagram vasitəsilə bildirib.
Rusiyanın "Memorial” cəmiyyəti öldürülmüş silahlıların qohumlarına məxsus evlərin yandırıldığını deyib. Hüquq müdafiə təşkilatına əsasən evlərin yandırılmasının arxasında Çeçenistan güc struktrurlarının əməkdaşları durur. Məlumata görə, Açxoy-Martan rayonunun Yandi kəndində 4 ev, Qudermes şəhərində bir və Qudermes rayonunun Engel-Yurt qəsəbəsində daha bir evə od vurulub.
"Memoriala” istinad edən "Kavkaz-uzel” internet portalında Yandi kəndində yandırılmış evlərin şəkilləri yerləşdirilib.
"Cinayətdə iştirak etməkdə şübhəli şəxslərin qohumlarının cəzalandırılması beynəlxalq qanunların kobud pozulmasıdır. Kollektiv cəzalandırma aktlarına heç bir bəraət qazandırıla bilməz. Federal hakimiyyət müstəqil və qərəzsiz araşdırmanı təmin etməlidir”, - Amnesty International təşkilatında Avropa və Mərkəzi Asiya proqramlarının rəhbəri John Dalhuisen bildirib.
Qroznıya silahlıların hücumu dekabrın 4-də baş verib. Rəsmi versiyaya əsasən silahlıların polisə atəş açmasından sonra şəhərin müxtəlif yerlərində döyüşlər başlayıb. Gecə ərzində davam edən atışmalar ertəsi gün sona çatıb.
Rəsmi məlumata görə qarşıdurmada 10 polis əməkdaşı öldürülüb və 28 nəfər yaralanıb.