Türkiyə, Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin Qarsdakı üçtərəfli görüşündən sonra nazirlər birgə mətbuat konfransı keçiriblər. APA-nın "Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu faydalı görüş keçirdiklərini və daha əvvəl qəbul edilmiş qərarları nəzərdən keçirdiklərini deyib. O, Bakı-Tiflis-Ceyhan neft boru kəməri, Bakı-Tiflis-Qars dəmri yolu və Trans Anadolu təbii qaz boru kəməri layihələrini müzakirə etdiklərini və bu layihələrə önəm verdiklərini söyləyib.
M. Çavuşoğlu regional və beynəlxalq prosesləri də müzakirə etdiklərini və bənzər mövqedə olduqlarını bildirib: "Bölgədəki ixtilafların ərazi bütövlüyü əsasında sülh yolu ilə həllinin önəmini vurğuladıq”.
Nazir qeyd edib ki, Ermənistan mövcud problemlərlə əlaqədar hazırkı üçtərəfli mexanizmdən kənarda qalıb: "Ermənistanın da öz qonşularının sərhədlərinə hörmətlə yanaşaraq aramızda yer almasını diləyirik. Bununla həlqə tamamlanmış olacaq”.