Terrorçuluqda şübhəli şəxslərin dindirilmə üsulları barədə tənqidi olacağı güman edilən hesabatın açıqlanmasından əvvəl ABŞ dünya boyunca öz diplomatik missiyalarının mühafizəsini gücləndirib. Rəsmilər Senatın Kəşfiyyat Komitəsinin hazırladığı hesabatda göstərilən məlumatlara aqressiv reaksiyadan ehtiyat edirlər.
Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) dindirmə üsullarına işıq salan hesabatın dərc edilməsinə hazırlıq işləri bir neçə ay ərzində aparılıb, Ağ Evin nümayəndəsi deyib.
Ehtimal edilir ki, 6 min səhifədən ibarət yeni hesabat, əl-Qaidəyə üzvlükdə şübhəli olan şəxslərə qarşı tətbiq edildiyi deyilən üsulları aşkarlayacaq.
Mərkəzi Kəşfiyyat İdarəsinin istifadə etdiyi dindirilmə proqramı 11 sentyabr terror aktlarından sonra prezident Corc Buş tərəfindən təsdiqlənib.
2009-cu ildə həmin təcrübəyə Prezident Barak Obamanın qərarı ilə son qoyulub. Yeni administrasiya dindirilmə üsullarını işgəncə növü kimi tanıyıb.
Hesabatın xülasəsi onun tam versiyasının dərc olunmasından bir gün əvvəl ABŞ Konqresinə təqdim olunub.
BBC-nin Şimali Amerika redaktoru Jon Sopel deyir ki, hesabatın xülasəsindən MKİ-nin dindirilmə proqramı ilə bağlı daha nə kimi məlumat öyrənmək olar? Belə görünür ki, sızmalar 3 əsas suala cavab verir:
Birincisi: dindirilmə üsulları, və yaxud da işgəncələr, indiyədək zənn edildiyinən daha miqyaslı və amansızmı olub? - Belə görünür ki, bu suala cavab müsbətdir.
İkincisi: işgəncələr həyati əhəmiyyətə malik məlumatların əldə olunmasını təmin edibmi? - Çox güman ki, cavab xeyrdir.
Üçüncüsü: MKİ əməkdaşları dindirilmə proqramının məqsədləri ilə bağlı Ağ Evə məlumat verərkən tam səmimi olublarmı? – bu suala da mənfi cavab verilir.
Hesabata cavab olaraq vaxtilə MKİ-nə rəhbərlik edən şəxslərdən Senatın kəşfiyyat komitəsinə ünvanlanan tənqidi reaksiyalar, nitqlər və şərhləri gözləmək olar.
MKİ əməkdaşlarının dindirilmə üsulları yuxudan məhrum etmə, alçaltma, soyuqda saxlama və boğulma simulyasiyası kimi metodları əhatə edib.
Ağ Ev hesabatın açıqlanmasını dəstəkləsə də, kəşfiyyat komitəsini dərc olunmanın həssas nəticələri barədə bir daha düşünməyə səsləyib. "Biz dəyərlərimizə zidd olan bəzi addımları atmışıq”, - avqust ayında peyda olan ilk sızmalardan sonra prezident Barak Obama etiraf edib.
Hərçənd ki, prezidentin sözlərinə görə sərt dindirilmə üsulları 11 sentyabr terror aktlarından sonra rəsmilərə olan təzyiqlər şəraitində tətbiq olunub.
Sərt dindirilmə proqramı ilə bağlı ABŞ Ədliyyə Nazirliyi tərəfindən keçirilən ilk araşdırma 2012-ci ildə başa çatıb.
O vaxtlar heç kəsə ittiham təqdim olunmayıb. Bu, ABŞ hüquq müdafiəçilərinin hiddətli reaksiyasına səbəb olub.