Avropa Birliyinin xarici siyasət idarəsinin rəhbəri və qurumun yüksək rütbəli bir neçə məmuru Türkiyəyə gəlib. Baki-xeber.com xəbər verir ki, nümayəndə heyəti Türkiyə prezidenti Tayyip Ərdoğan və baş nazir Ahmet Davutoğlu ilə görüşəcək və qaçqın düşərgəsinə baş çəkəcək.
Ekspertlərə görə, tərəflər arasında əsas müzakirə obyekti son vaxtlar müşahidə edilən Rusiya-Türkiyə yaxınlaşması olacaq. Bu səfərdən öncə Avropa Birliyi Türkiyəni Rusiyaya qarşı tətbiq olunan sanksiyalara mane olmamağa çağırıb. Qeyd edilib ki, AB rəsmi nümayəndələri Ankara səfəri zamanı Türkiyə hökumətini Rusiyaya qarşı tətbiq olunan sanksiyalara qoşulmağa razı salmağa çalışacaqlar. Ən azından Türkiyənin mövcud vəziyyətdən sui-istifadə edərək Rusiyanın AB ölkələrindən idxalını qadağan etdiyi qida məhsullarının bu ölkəyə ixracını dayandırmasına çalışacaqlar.
Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız isə deyib ki, Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalar tətbiq etməsinə baxmayaraq, Ankara bu ölkə ilə əməkdaşlıq edəcək. Onun sözlərinə görə, hazırda elə ölkələr var ki, Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara baxmayaraq, bu ölkəyə mal ixrac edirlər.
Onu da qeyd edək ki, Türkiyə Qərbin Rusiyaya qarşı sanksiyalarına qoşulmayıb.
Bu günlərdə Rusiya prezidenti Vladimir Putin Türkiyəyə səfərindən sonra elan etdi ki, Cənub Axını qaz kəməri artıq onlara lazım deyil və Rusiya Türkiyənin tərəfdaşlığı ilə alternativ variantdan istifadə edəcək.
Avropa Birliyi məmurlarının səfərinin məqsədlərindən biri də Suriyadakı İslam yaraqlılarına qarşı mübarizədə daha da yaxından iştirak etmək üçün Türkiyəni cəlb etməkdir.
AB Türkiyəyə İraq və Suriyadan gələn qaçqınların öhdəsindən gəlməkdə kömək edəcək.
Mogherini səfər əsnasında deyib ki, bu səfər AB və Türkiyə arasında əlaqələrin strateji vacibliyinin güclü göstəricisidir.
Türkiyə Suriyada İslam Dövləti yaraqlıları ilə və ya digər qruplarla döyüşməyə gedən avropalılar üçün əsas yoldur. Reuters xəbər agentliyi AB rəsmilərinə istinadən bildirir ki, qurum Türkiyədən xarici döyüşçüləri müəyyənləşdirmək üçün kömək istəyir. Ancaq Türkiyə bildirir ki, Avropa hökumətləri özləri xaricilərin döyüş səfərinə mane olmağı bacarmalıdır.
Tahir TAĞIYEV