Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (ARDNŞ) Rusiya qazının Transanadolu qaz kəməri (TANAP) üzrə nəqli ilə bağlı müraciət daxil olmayıb. Trend-in məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə TANAP-da səhmlərin nəzarət paketinə sahib olan ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev deyib.
Qeyd edək ki, daha əvvəl Rusiya "Cənub axını" qaz kəmərinin tikintisindən imtina edərək marşrutun Türkiyə ərazisi ilə keçməsi barədə qərar qəbul etmişdi. Rusiya qazının planlaşdırıldığı kimi Türkiyə və Yunanıstan sərhədinə çatdırılması üçün TANAP qaz kəmərindən istifadə imkanı göstərilirdi.
Onun sözlərinə görə, layihə hesablamaları zamanı bu (Rusiya qazının TANAP üzrə nəqli) nəzərə alınmayıb, lakin müraciət daxil olsa, bu məsələyə baxıla bilər.
Rusiyanın "Cənub axını"ndan iimtina etməsi və bunun "Cənub Qaz Dəhlizi" çərçivəsində Azərbaycan qazının tədarükünə yönəlmiş layihələrə mümkün təsirinə gəlincə R.Abdullayev qeyd edib ki, bu layihələr heç vaxt rəqib olmayıb, çünki onların hər birinin öz bazarı var: "Buna görə də "Cənub Qaz Dəhlizi" layihəsinin reallaşdırılması yolunda problem görmürük".
Onun sözlərinə görə, "Cənub Qaz Dəhlizi" çərçivəsində həyata keçirilən bütün layihələrin reallaşdırılması davam edir: "Xüsusilə, "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində işlər həyata keçirilir, Cənubi Qafqaz qaz kəmərinin genişləndirilməsi layihəsi reallaşdırılır. TANAP layihəsi çərçivəsində tikinti işlərinin podratçısının seçilməsi üzrə tender proseduru yekunlaşır və gələn ilin birinci rübündə boru kəmərinin təməlqoyma mərasimi keçiriləcək".
ARDNŞ prezidenti əlavə edib ki, Transanadolu qaz kəməri layihəsinin reallaşdırılmasında yubanmalar yoxdur.
TANAP layihəsi Azərbaycanın "Şahdəniz" yatağından qazın Türkiyə ərazisindən keçməklə Avropa sərhədinədək nəqlini nəzərdə tutur.
Boru kəmərinin ilkin buraxılış qabiliyyətinin ildə 16 milyard kubmetr qaz təşkil edəcəyi gözlənilir. Təqribən 6 milyard kubmetr qaz Türkiyəyə, qalanı isə Avropaya tədarük olunacaq.