Medianın İnkişafı Agentliyi onlayn mediaya dəstək layihəsi elan edib. Müsabiqədə ictimai-siyasi məzmunlu xəbərlər dərc edən onlayn media subyektləri, idman xəbərləri dərc edən onlayn media subyektləri (veb-saytlar) iştirak edə bilər. Bundan başqa,
– onlayn media subyektinin (veb-saytın) işçilərinin əmək müqaviləsi ilə müəyyən edilmiş işləri (xidmətləri) yerinə yetirdikləri yer (ofis sahəsi) olmalıdır;
– öz əmək funksiyasını səmərəli və faydalı yerinə yetirməsi üçün onlayn media subyektinin (veb-saytın) işçilərinin əmək şəraiti minimum tələblərə (kompüter, ofis ləvazimatları və s.) cavab verməlidir;
– onlayn media subyekti (veb-sayt) yenidən təşkil, müflis olma, ləğv edilmə prosesində olmamalıdır;
– təsisçisi xarici dövlətlərin hüquqi və fiziki şəxsləri olmamalıdır;
– təsisçisi dövlət orqanları, bələdiyyələr, dini qurumlar və dini icmalar olmamalıdır;
– bir nəfər baş redaktor, bir nəfər müxbir, bir nəfər texniki işçi olmaqla ən azı üç nəfərdən ibarət heyəti olmalıdır;
– hər ay 20 (iyirmi) gün ərzində gündəlik ən azı 20 (iyirmi) kütləvi informasiya dərc etməlidir (dövlət orqanları (qurumları) tərəfindən yayılan rəsmi məlumatlar (press-relizlər) və informasiya agentliklərinin informasiyaları istisna olmaqla).
Tələb olunan sənədlər:
– baş redaktorunun ərizəsi;
– vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surəti;
– nizamnamənin surəti;
– bank rekvizitlərini əks etdirən sənəd;
– minimum işçi sayı tələbinə cavab verdiyini təsdiq edən əmək müqaviləsi bildirişləri;
– fəaliyyət göstərdiyi ofis sahəsinin onun istifadəsində olmasını təsdiq edən sənədin surəti;
– veb-saytının google analytics hesabına yazılı giriş icazəsi.
Müsabiqəyə müraciət forması:
Müsabiqəyə müraciət tələb olunan sənədlərin kağız daşıyıcıda Agentliyə təqdim olunması yolu ilə edilir.
Qiymətləndirmə:
Qiymətləndirmə əsas ümumi domen üzərindən və onlayn media subyektinin (veb-saytın) Müsabiqəyə müraciət etdiyi günədək son 3 aylıq dövr ərzində hər ay üzrə ən yuxarı göstəricili 5 (beş) xəbər məzmunlu veb-səhifəsi üzrə aparılır.
Ən yuxarı göstəricili 5 (beş) xəbər məzmunlu veb-səhifənin qiymətləndirilməsi Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən cəlb edilmiş 3 müstəqil ekspert tərəfindən həyata keçirilir.
Maliyyə yardımının göstərilməsi:
– Agentlik tərəfindən maliyyələşdirilən onlayn media subyektlərinin (veb-saytların) hər birinə aylıq 3000 (üç min) manat məbləğində maliyyə yardımı göstərilir;
– ictimai-siyasi məzmunlu kütləvi informasiya dərc edən onlayn media subyektləri (veb-saytlar) Agentlik tərəfindən maliyyələşdirilən dövr ərzində həftədə bir dəfə Qaydalarda göstərilən sahələrdən hər hansı bir üzrə hazırlanan materialın dərc olunmasını təmin edirlər;
– idman məzmunlu informasiya dərc edən onlayn media subyektləri (veb-saytlar) isə Agentlik tərəfindən maliyyələşdirilən dövr ərzində həftədə bir dəfə “uşaq və gənclərin fiziki və mənəvi inkişafı” sahəsi üzrə hazırlanan materialın dərc olunmasını təmin edirlər.
Maliyyə yardımından istifadə:
– Maliyyə yardımı göstərilən dövr ərzində onlayn media subyektinin (veb-saytın) müvafiq sayda işçilərinin hər birinin əməkhaqqının minimum məbləği 600 manat təşkil etməli, maliyyə yardımının digər hissəsi isə veb-saytın infrastrukturunun gücləndirilməsi, dil imkanlarının genişləndirilməsi, təhlükəsizliyinin təmin edilməsi və rəqəmsal keyfiyyətinin artırılmasına yönəldilməlidir;
– Maliyyə yardımının göstərilməsinə dair müqavilə imzalamış onlayn media subyekti (veb-sayt) həmin müqavilənin qüvvədə olduğu müddət ərzində hər ayın sonu müvafiq maliyyə vəsaitinin hansı istiqamətlərə xərcləndiyini təsdiq edən sənədləri Agentliyə təqdim edir.
Müraciətlərin qəbulu 01 iyun 2021-ci il tarixindən 11 iyun 2021-ci il saat 18:00-dək həyata keçirilir. Onlayn mediaya dövlət tərəfindən veriləcək dəstəyin həmin sahənin inkişafına nə kimi təsiri oalcaq?
Müşfiq Ələsgərli: “Şərtlər bizim kəmiyyəti çox olan onlayn media məkanında səliqə-sahman yaratmaq üçün stimullaşdırıcı rol oynayacaq”
Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri, media eksperti Müşfiq Ələsgərli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, MEDİA tərəfindən elan edilmiş müsabiqə onlayn media qurumlarının institutlaşdırılması, inkişafı və peşəkarlaşdırılması baxımından çox mühüm əhəmiyyət daşıyır: “Maliyyə yardımının ayrılması işin bir tərəfidir. Əlavə olaraq, müsabiqə üçün irəli sürülən şərtlər onlayn medianın standartlara uyğunlaşdırılması baxımından stimullaşdırıcı rol oynayacaq. Əlbəttə, nəticədə veriləcək məbləğ KİV qurumunun fəaliyyət göstərməsi üçün minimumdur, 3 min manat əsasən institutsional fəaliyyət üçündür. Amma bu, KİV qurumunun digər mənbələrdən gəlir əldə etməsinə mane olmur. KİV-lərin başqa gəlir mənbələri var, reklamdan, yayımdan gələn gəlirlər bu yardımla birləşdikdən sonra yetəri qədər maliyyə formalaşacağını deyə bilərik. Elanda göstərilən şərtlər daha çox diqqət cəlb edir. Bu şərtlər çox mühümdür və tətbiq edilməsi vacibdir. Çünki günümüzdə onlayn media qurumlarının sayı kifayət qədər çox olsa da, media standartlarına cavab verən saytların sayı çox azdır. MEDİA burada müəyyən standartlar tətbiq edib. Bunlar vacib amillərdir: ünvan, əks əlaqə imkanları, rekvizit, eyni zamanda işçilərin olması və onlarla əmək münasibətlərinin rəsmiləşdirilməsi mühüm faktorlardır. Bunlar, əslində KİV haqqında qanunun 28-ci maddəsinin vacib tələbləridir. Amma onlayn KİV-lər üçün problemli məsələdir. Çünki xəbər saytlarının əksəriyyəri ofisdən istifadə etmir, ünvanları bəlli deyil, onlarla əks əlaqə qurmaq müşkül olur. Əksəriyyəti bir nəfərdən ibarət olur. KİV qurumu da media standratlarına deyil, həmin bir nəfərin dünyagörüşünə, imkanlarına uyğunlaşdırılır. Belə yanaşma ciddi problemlərə yol açır. MEDİA-nın müsabiqədə iştirak üçün yeni standartlar tətbiq etməsi, daha doğrusu, KİV-lərdən standartlara uyğunlaşmağı tələb etməsi yaxşı haldır.
Hesab edirəm ki, şərtlər bizim kəmiyyəti çox olan onlayn media məkanında səliqə-sahman yaratmaq üçün stimullaşdırıcı rol oynayacaq. Ümid edirik ki, bizim KİV qurumları artıq öz fəaliyyətlərini bu standartlara uyğunlaşdıracaqlar”.
Ekspertin sözlərinə görə, Azərbaycanda çox uzun müddətdir ki, onlayn media qurumlarının, xəbər sayt və portallarının maliyyələşdirilməsi üçün üsul və vasitələr axtarılırdı: “Nəzərə almaq lazımdır ki, bu gün Azərbaycan məhz onlayn media vasitəsilə dünyaya çıxış əldə edir. Onlayn media uzun inkişaf yolu keçib, təkmilləşib. Bu baxımdan, onlayn medianın fəaliyyətinin stimullaşdırılması vacib amillərdəndir. Bu layihənin elan edilməsi də onlayn media qurumlarının institutlaşdırılması baxımından çox mühüm addımdır”.
Məhəmmədəli QƏRİBLİ