Məlumdur ki, ATƏT-in Minsk Qrupunun həmsədri kimi Fransa Ermənistan–Azərbaycan münaqişəsinin həlli istiqamətində üzərinə düşən öhdəlikləri, beynəlxalq hüququn tələblərini yerinə yetirmək əvəzinə, daha çox ermənipərəst siyasət yürüdüb. Bu, 44 günlük Vətən müharibəsinin gedişində və ondan sonrakı dövrdə də özünü qabarıq şəkildə büruzə verib və verməkdədir. Ermənistanın baş naziri Nikol Paşinyanın Fransa səfəri fonunda bu məsələ yenidən özünü qabarıq büruzə verdi.
Fransa yenə ermənipərəstliyindən əl çəkmir
Bu səfər fonunda Azərbaycan növbəti dəfə Fransanın ədalətsiz davranışlarına şahidlik etdi. Belə ki, Fransa prezidenti Emmanuel Makron Nikol Paşinyanla keçirdiyi mətbuat konfransında qeyri-obyektiv, qərəzli açıqlamaları ilə yenidən diqqət cəlb etdi. Makron yenə iddia etdi ki, Azərbaycan əsgərləri Ermənistan “ərazisindən” çıxmalı, “hərbi əsirlər” geri qaytarılmalıdır. O, bu məsələdə erməni tərəfinə köməklik göstərməyə hazır olduğunu da bəyan etdi.
Parisin meri Ann İdalqo da Paşinyanla görüşdə eyni mövqeni ifadə etdi və Fransanın Ermənistanı yalnız qoymacağaını bildirdi. Fransa Senatının sədri Jerar Larşe də Paşinyanla görüşdə Azərbaycana müxtəlif iftiralar atmaqdan çəkinmədi. Bu da onu göstərir ki, istər Azərbaycan torpaqlarının işğalı, istərsə də ondan sonrakı dövrdə Fransa Ermənistanı hər cəhətdən dəstəkləməkdə davam edir. Fransa Milli Elmi Tədqiqatlar Mərkəzinin alimi Karim İfrak Parisin bu yanaşmasının təhlükəli olduğunu bildirir. O qeyd edir ki, əhalisinin əksəriyyəti beynəlxalq hüququ dəstəkləyən, üstəlik münaqişənin həlli üçün yaradılan qrupun həmsədri olan Fransa bu gün, digər ölkələrdən fərqli olaraq, separatçıları, eləcə də erməni baxışlarını kor-koranə dəstəkləyən yeganə ölkələrdən biridir: “Bu ölkədə Azərbaycan bütün debatlardan kənarlaşdırıldı, saxta xəritələr önündə nə gəldi yazdılar, xüsusilə də ölkə iyerarxiyasında yuxarıların tutduğu qərəzli mövqe aşağılar tərəfindən də kor-koranə dəstəkləndi. Ölkə mətbuatında gedən debatlara nə Qafqaz üzrə ixtisaslaşmış tarixçilər, nə də Azərbaycan nümayəndəsi dəvət olunur, yalnız erməni nümayəndələri çıxış edir. Regiona heç vaxt ayaq basmayan, reallıqdan uzaq insanlar absurd petisiyaları imzaladılar”. Ekspert qeyd edir ki, 44 günlük müharibəni də Azərbaycan əsgərləri başlamayıb: “Hələ münaqişənin ilk günündən münaqişə zonasından uzaqda yerləşən Azərbaycanın mülki əhalisi Ermənistandan atılan raketlərin qurbanı olub. Fransa hələ də bunlara diqqət etmir”.
Onu da xatırladaq ki, Fransa yerli hakimiyyət orqanlarının qanunazidd fəaliyyətlər göstərərək Qarabağa rəsmi Bakının icazəsi olmadan dəfələrlə səfərlər etməsi, buradakı separatçı rejimlə 30-a yaxın “müqavilə” imzalaması da bu ölkənin qərəzli olmasına dair qeyd edilənlərin təsdiqidir. Ermənilər Azərbaycan ərazilərini işğal altında saxlayarkən burada qurduqları hərbi-mühəndis maneələrinin bir çoxunun müəllifinin Fransa olması haqda məlumatlar mövcuddur. Bundan başqa, 44 günlük döyüşlərdə Fransa terrorçu PKK və ASALA kimi qrupların üzvlərinin Ermənistana aparılması üçün şərait yaradıb. Həmin günlərdə terrorçular Qarabağa Fransa-Suriya-İraq və Yunanıstan-İraq-Suriya marşrutu ilə daşınıb. Fransanın ikili standartlardan çıxış etməsi, beynəlxalq hüquqa qarşı çıxmasının daha bir real təzahürü Vətən müharibəsinin gedişində özünü göstərdi. Ötən il Fransa Senatı və Milli Assambleyası Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki separatçı rejimin müstəqilliyinin tanınması ilə bağlı qərarlar qəbul etdi. Bununla Fransa beynəlxalq hüququ, daimi üzvü olduğu BMT Təhlükəsizlik Şurasının qətnamələrini heçə saydı. Halbuki, heç Ermənistan özü bu separatçı rejimin müstəqilliyini tanımamışdı. Postmüharibə dövründə də Fransa dövlət rəsmiləri ikili standartlardan çıxış etməyə, Azərbaycana qarşı qeyri-obyektiv mövqe sərgiləməyə davam edir. Bu da ondan irəli gəlir ki, Fransanın seçkili məmurları bu ölkədə mövcud erməni icmasının dəstəyini qazanmaq üçün hələ də ölkələrinin milli maraqlarına zidd addımlar atır, beynəlxalq hüququn tələblərini kobud şəkildə pozurlar.
Paris bu dəfə də özünü gülünc vəziyyətdə qoydu
Bu gün Fransada erməni diasporunun təsir dairəsində olan, anti-Azərbaycan cəbhəsində yer alan şəxslər, o cümlədən Emmanuel Makron süni şəkildə “Azərbaycandakı erməni əsirlər”in məsələsini gündəliyə gətirir. Fransa Senatının üzvü Alen Milon, onun deputat həmkarı Bernar Furnye Azərbaycanda “erməni əsirlər”in qaldığını iddia etməklə Ermənistanın dediklərini təkrar edir. Halbuki, Azərbaycanda saxlananların ermənilərin iddia etdiyi kimi hərbi əsir deyil, cinayətkarlar olmasını, əslində fransalı deputatlar, eləcə də digər rəsmilər bilir. 44 günlük müharibədə əsir düşən bütün şəxslər üçtərəfli bəyanatlar imzalanandan dərhal sonra qaytarılıb. Müharibə bitəndən sonra isə Azərbaycan ərazisinə silahlı müdaxilə edən, təxribatlar törədən cinayətkarlar artıq heç bir halda hərbi əsir sayıla bilməz. Ermənilərin “hərbi əsir” dediklərinin hamısı Ermənistanın Şirak vilayətindən silahlı qüvvələrdə hərbi xidmət keçmək üçün çağırılıb. Onlar məhz müharibə bitəndən sonra Azərbaycanın Silahlı Qüvvələrinin üzvlərinə və mülki əhalisinə qarşı diversiya, terror aktları törətmək məqsədilə ərazilərimizə yeridilib. Tutulan şəxslərin hamısı 2020-ci il 26 noyabr tarixindən, yəni Azərbaycan və Rusiya prezidentləri ilə Ermənistan baş nazirinin imzaladığı üçtərəfli bəyanatla əldə edilmiş atəşkəsin qüvvəyə minməsindən sonra ölkəmizə göndərilib. Bundan başqa, bu il mayın 27-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində Ermənistan Silahlı Qüvvələrinin iki kəşfiyyat-diversiya qrupu dövlət sərhədini keçib və Azərbaycan ərazilərini minalamağa, başqa təxribat əməlləri törətməyə cəhd göstərib. Nəticədə düşmənin birinci kəşfiyyat-diversiya qrupundan 1-i zabit olmaqla 4, digərindən isə 2 hərbi qulluqçu, ümumilikdə 6 nəfər tərksilah edilərək saxlanılıb. Amma nədənsə, bu diversantları Fransa “hərbi əsir” kimi təqdim etməyə çalışır. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bu xüsusda qeyd edir ki, Azərbaycan tərəfi hər zaman bütün hərbi əsirlərin “hamının hamıya” prinsipi əsasında dəyişdirilməsi mövqeyindən çıxış edib: “Dəfələrlə bəyan etdiyimiz kimi, Azərbaycanda erməni əsilli hərbi əsir yoxdur, o ki qaldı üçtərəfli bəyanat imzalandıqdan sonra 2020-ci il noyabrın 26-da Azərbaycan ərazisinə göndərilən və burada terror aktı törədən diversant qrupun üzvlərinə, habelə mayın 27-də Kəlbəcər rayonu istiqamətində ərazimizə daxil olaraq yolların minalanmasına yönələn təxribatçı fəaliyyət cəhdi göstərən kəşfiyyat-diversiya qrupunun üzvlərinə, onlar hərbi əsir deyillər... Azərbaycan öz tərəfindən humanitar prinsiplərdən çıxış edərək 1600-ə yaxın erməni hərbçisinin cəsədlərini tapıb və bu prosesdə Rusiya sülhməramlıları və Beynəlxalq Qızıl Xaç iştirak edib. Erməni əsgərlərinin cəsədləri qarşı tərəfə təhvil verilib. Lakin hələ 1-ci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4000-dək azərbaycanlı barədə məlumat bugünədək Ermənistan tərəfindən verilməyib. Fransa prezidentinin çıxışında müsəlman abidələrinin də bərpa olunmasına dair fikrini alqışlayırıq. Lakin Fransa prezidentinin çıxışında istinad etdiyi Dağlıq Qarabağ adı ilə bağlı vurğulamaq istərdik ki, belə bir inzibati ərazi vahidi mövcud deyil. Çıxışda istinad edilən birbaşa dialoq məsələsinə gəldikdə, bu artıq baş verir. 2021-ci il yanvarın 11-də Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı bəyanata istinadən baş nazirlərin müavinləri səviyyəsində görüşlər keçirilir və dialoq mövcuddur. Lakin Fransanın bu prosesdə hər hansı rolu yoxdur. Delimitasiya və demarkasiya prosesinə gəldikdə, bəyan etdiyimiz kimi, Azərbaycan delimitasiya prosesinə başlamağı dəstəkləyir və bu proses danışıqlar yolu ilə öz həllini tapmalıdır.
Bir daha da qeyd etmək istərdik ki, Azərbaycan hərbçiləri öz doğma torpaqlarında xidmət göstərirlər. Təəssüf hissi ilə qeyd etmək istərdik ki, 1997-ci ildən Fransa həmsədr qismində fəaliyyət göstərsə də, Fransa tərəfindən heç zaman Ermənistan qoşunlarının işğal altında olan Azərbaycan torpaqlarından çıxarılması ilə əlaqədar çağırış edilməyib. Baxmayaraq ki, bu, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələbi idi... Fransanın qəti şəkildə regiona qayıtması barədə açıqlama isə anlaşılan deyildir. Fransa həmsədr ölkədir və bu statusda 1997-ci ildən regional proseslərdə iştirak edir. Ona görə də bu açıqlama anlaşılan deyil. Sirr deyil ki, Fransanın Ermənistana xüsusi rəğbəti vardır, amma Minsk Qrupunun həmsədri kimi bu ölkə rəsmi neytrallığını saxlamalıdır. Ümid edirik ki, həmsədrlik mandatına uyğun olaraq Fransa tərəfindən neytral və qərəzsiz mövqe sərgilənəcəkdir”.
Minsk Qrupundan birdəfəlik imtina aktuallaşır
Hadisələrin gedişi göstərir ki, Fransa qeyri-obyektiv mövqeyini təkrar etməklə Minsk Qrupu kimi fəaliyyətini bundan sonra davam etdirməyi mümkünsüz hala gətirir. Əslində, artıq Minsk Qrupunun bu gedişlə fəaliyyətinə də hər hansı ehtiyac qalmır. Çünki Fransa və ümumulikdə Minsk Qrupu 1 milyondan çox qaçqın və məcburi köçkünümüzün pozulmuş hüquqlarına, Ermənistanın minalanmış ərazilərin xəritəsini hələ də Azərbaycana verməməsinə toxunmağa lüzum görmür. Bununla da onlar ikili standartlardan çıxış edir. Ermənistanın işğal dönəmində nəzarət etdiyi Azərbaycan ərazilərində minaların yeri ilə bağlı məlumatı təqdim etməkdən imtina etməsi, üstəlik əraziyə yeni minalar basdırmaq cəhdini gözardı etməsi, bununla bağlı İrəvana hər hansı irad ünvanlanmaması Minsk Qrupunun regional təhlükəsizliyin təmin edilməsinə heç bir töhfə vermək niyyətində olmadığının göstəricisidir. Minsk Qrupunun mayın 28-də yaydığı bəyanatında da Ermənistan-Azərbaycan dövlət sərhədində mövcud gərginliyin İrəvan üzündən yaranması, Azərbaycan ordusunun yalnız ölkəmizin sərhədləri çərçivəsində hərəkət etdiyini bəyanatında etiraf etməyərək, sülhyaratma prosesi kimi missiyasına bir daha xəyanət etmiş olur. Rəsmi Bakının yanaşması isə bundan ibarətdir ki, Minsk Qrupunun fəaliyyəti postmüharibə dövrünün reallıqlarına uyğun olmalıdır. Yalnız bu halda sözügedən qrupun fəaliyyətini davam etdirməsi mümkün hesab edilir. Lakin Fransanın fəaliyyəti indiki halda Minsk Qrupunun işini davam etdirməsini mümkünsüz edir və bu səbəbdən onun işinə də birdəfəlik son verilə bilər.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur.