Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Vanadzor sakinləri ilə görüş zamanı Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesində erməni tərəfinin güzəştlərindən danışıb. Paşinyanın sözlərinə görə, 1999-cu ildə Mehri mübadilə variantı gündəmə gətirilib. Amma bu versiya Azərbaycan tərəfindən rədd edilib:
"Azərbaycan tərəfi çox mühüm əhəmiyyət kəsb edən bir şey əldə etmişdi: danışıqların məzmununda qeyd edilmişdi ki, Şuşa rayonu Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisində ayrıca bir hadisədir. Göstərilmişdi ki, Şuşa Dağlıq Qarabağdan ayrı - xüsusi bir rayondur və Laçın rayonu ilə bir sıraya qoyulmuşdu. Laçın rayonu isə 1999-cu və sonrakı illərdə xarici işlər naziri Vardan Oskanyanın işğal olunmuş ərazi adlandırdığı sırada qərarlaşmışdı”.
Paşinyanın sözlərinə görə, növbəti güzəşt 30 noyabr 1999-cu ildə baş verib - ATƏT-in Zirvə toplantısında qəbul edilmiş Avropa Təhlükəsizliyi Xartiyası Dağlıq Qarabağ münaqişəsinin, əslində yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll oluna biləcəyini açıq şəkildə ifadə edib: "Bu, belə bir ifadəni tətbiq etmək üçün ilk cəhd deyildi. 1996-cı ildə ATƏT-in Lissabon Zirvə görüşündə belə məzmun təqdim edilməsinə cəhd göstərilmişdi, lakin o zaman Ermənistan ona veto qoydu. ATƏT-də qərarlar konsensusla qəbul olunur. 30 noyabr 1999-cu ildə, oktyabrın 27-dən sonra isə Ermənistan bu ifadəyə səs verdi".
Paşinyanın sözlərinə görə, faktiki olaraq, çox qısa zaman kəsiyində - 1998-1999-cu illərdə Azərbaycan danışıqlar məntiqini daha da inkişaf etdirmək üçün lazım olan danışıq məzmununu aldı.
Paşinyan hesab edir ki, növbəti vacib məqam prosesə Madrid prinsiplərinin daxil edilməsi olub və Ermənistan tərəfi bu prinsiplərin formalaşdırılmasında iştirakını inkar etməyib: "Lakin ən əsas fakt 2007-ci ildən sonra baş verib: Madrid prinsipləri danışıqların əsasını təşkil edib, qeyd olunub ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə bir nömrəli prosesin məqsədi yeddi rayonun qaytarılmasıdır. Madrid prinsiplərində "Qarabağın aralıq statusu" terminindən istifadə olundu və 2016-cı ilə qədər danışıqlar prosesində bu terminologiya mövcud idi. 2016-cı ilin yanvarında isə vasitəçilər Yerevana Ermənistanın Qarabağın müvəqqəti statusunun məntiqindən imtina etməli olduğu mövqeni təqdim ediblər. Ermənistan tərəfi imtina etdi və 2016-cı ilin aprel müharibəsi baş verdi, bundan sonra ilk dəfə olaraq 2016-cı ilin yayında həmsədrlər Dağlıq Qarabağın müvəqqəti statusunun qeyd edilmədiyi danışıqlar sənədini təqdim etdilər".
Paşinyanın bu etiraflarından hansı nəticəyə gəlmək olar?
Təhlükəsizlik məsələləri üzrə ekspert Elşən Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Paşinyanın sadaladığı faktlar həqiqətdir: “Sadəcə, Ermənistan baş naziri vəzifəsini icra edən şəxs bu etirafları təsadüfən etmir. Ortada Ermənistanın uğradığı acı bir məğlubiyyət var. Bu da Paşinyanın zamanına təsadüf edib. Paşinyan nisbətən gənc siyasətçidir, gələcəyini düşünərək, istəmir ki, bu məğlubiyyət yalnız onun çiyinlərində qalsın. Məsuliyyəti bölüşmək üçün belə addım atır. Demək istəyir ki, Ermənistanın məğlubiyyətinin əsası illər əvvəl qoyulub və Azərbaycan addım-addım öz məqsədinə doğru irəliləyib. Yadınızdadırsa, Azərbaycan Paşinyanın sadaladığı diplomatik uğurlarını təbliğ edəndə, buna etirazlar olurdu. Deyilirdi ki, boş-boş kağız parçaları yox, torpaq lazımdır. İndi görürük ki, böyük strateji hədəfə aparan yol yarımstrateji addımların düz atılmasından keçir. Bəli, Qarabağla bağlı gedən danışıqlar Azərbaycanın ərazi bütövlüyündən kənara çıxmamaq şərtilə aparılıb. Bir qarış da olsun torpaq ətrafında alver olunmayıb. Məhz bu qətiyyətli mövqenin nəticəsi olaraq, sonda müharibə labüdləşdi. Hətta münaqişə ilə bağlı danışıqlar aparılanda Azərbaycan dəfələrlə bildirmişdi ki, Qarabağın heç bir müstəqilliyindən söhbət gedə bilməz. Ermənistan işğal faktorunu əsas götürdüyü üçün diplomatik məğlubiyyətlərinə bir qədər barmaqarası baxırdı. 44 günlük müharibənin gedişində biz diplomatik uğurlarımızın bəhrəsini gördük. Çünki heç bir ölkə Azərbaycanı öz ərazisində hərbi əməliyyatlar apardığına görə qınamadı. Əksinə, təqdir edənlər çox oldu. Bunun da bazası diplomatik müstəvidə qoyulub”.
Məhəmmədəli QƏRİBLİ