Ermənistan xarici işlər nazirinin müavini Qaqik Qalaçyan istefa verib. Bunu ölkənin Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan deyib. Onun sözlərinə görə, A.Qalaçyan mayın 27-də istefa ərizəsini yazıb. Bu açıqlamadan az sonra A.Naqdalyan özünün də tutduğu vəzifədən istefa verdiyini bildirib.
Erməni mətbuatı isə yazır ki, istefalar bununla məhdudlaşmayıb. Qeyd olunub ki, Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan Azərbaycanla sərhəddəki gərginliyi azaltmaq üçün planını açıqlayandan sonra Xarici İşlər və Müdafiə nazirliklərində, hətta Milli Təhlükəsizlik Xidmətində kütləvi istefalar olub. Məlumata görə, Ermənistan xarici işlər nazirinin 4 müavini, habelə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini Stepan Qalstyan istefa ərizəsi yazıb. Qeyd edək ki, mayın 27-də Ermənistanın xarici işlər naziri səlahiyyətlərini icra edən Ara Ayvazyan da istefa verib.
Ermənistandakı kütləvi məmur istefaları ilə bağlı ekspertlər nə düşünür?
Politoloq Yeganə Hacıyeva qəzetimizə bildirdi ki, Ermənistanın çox önəmli dövlət qurumlarının rəhbər heyətindən kütləvi istefalar var. Bu məlumatları erməni saytları durmadan tirajlayır. Nikol Paşinyan hazırda baş nazirin vəzifələrini icra edir. Belə vəziyyətdə kütləvi istefalar Ermənistanda hakimiyyətin monolit olmadığını göstərir. İkinci məqam seçki ilə bağlıdır. Heç kim Nikol Paşinyanın verdiyi qərarların məsuliyyətini daşımaqda payçı olmaq istəmir. Hökumət aparatının iflici baş verir. Müxalifət və müxalif qruplar bu istefalarla dövləti iflic ediblər. Prezidentin dediyi kimi, onlar dövlət ola bilmədiklərini bir daha sübut edirlər. Müxalif qüvvələr əmindir ki, Paşinyan bundan sonra baş nazir ola bilməyəcək. Bu proqnozlar kimlərisə batan gəmini tez tərk etməyə vadar edir. Bütün bu hadisələr Nikol Paşinyan üçün seçkilərin ağır şəraitdə keçiriləcəyinə bir siqnaldır. Önəmli strukturlardan olan istefalar Paşinyanın gücünü xeyli zəiflədəcək. Həmin adamlar həm də mühüm informasiya daşıyıcılarıdır. Komandanın strukturuna, imkanlarına yaxşı bələddirlər. Ola bilər ki, bəzilərinin biliklərindən müxalif qüvvələr yararlansın. Bu olacaqsa, Paşinyanın gedişi daha da sürətlənəcək”.
Məhməmmədəli QƏRİBLİ