Ermənistanda anti-Rusiya təbliğatı yenidən qızışır. Ermənistan-Azərbaycan sərhəd xəttində yaranan gərginlikdən sonra bu tendensiya daha da artıb. Belə ki, artıq nəinki bəzi erməni saytlarında, sosial şəbəkələrdə, teleqram kanallarının erməni seqmentində Rusiyanı xain müttəfiq kimi adlandırmağa başlayıblar.
Erməni mediası yazır: “Ermənistanda rusofobiyanın sürətlə, artan dinamika ilə böyüməsini izləyən varmı? Rusiyanın niyə bizə xəyanət etdiyini başa düşə bilmirik. Axı bu müharibədən əvvəl ermənilərin 99% -i müttəfiqlərini çox sevir və fəxr edirdi, lakin bu müharibədən sonra hər kəs hər şeyi başa düşdü. Bir müttəfiqi necə qurban verə bilərsən, bundan sonra kim Rusiyaya güvənəcək və dost olacaq? Rusiya “rus, fars və erməni türkün düşmənidir” deyə bağıranlara necə kömək edə bilər? Bundan sonra bizim düşmənimiz kimdir? Əminəm ki, adi bir rus vətəndaşı Kremlin xəyanətindən xəbərsizdir və bilsəydilər, özlərindən utanacaqlar. Xainə ayıb olsun!”.
Bu arada Rusiya Dövlət Dumasının MDB ölkələri ilə iş üzrə komitəsinin sədri Leonid Kalaşnikov verdiyi müsahibədə bu ittihamlara cavab verərək bildirib ki, əslində, Ermənistan Rusiyanın müttəfiqi deyil. Rusiya bu ölkənin müttəfiqidir: “Rusiya Krım uğrunda müharibə edərsə, Ermənistan Rusiyanın yanında olmayacaq. Heç bu ölkə Krımı Rusiyanın tərkibində belə tanımır”.
“Onlar hesab edirlər ki, gərək Pskov desant qoşunları gəlib ermənilərin yerində Azərbaycanla döyüşəydi”
Məsələyə münasibət bildirən Yeni Yol Partiyasının sədri Ramil Hüseynov bütün bunları Ermənistanın 44 günlük müharibədə uğradığı məğlubiyyətlə əlaqələndirdi: “Görünən odur ki, ermənilər heç cür bunu Rusiyaya bağışlamırlar. Baxmayaraq ki, döyüşlər gedən vaxt və ondan əvvəlki dövrdə Moskva əlindən gələni etdi. Mülki təyyarələrdə Ermənistana silah daşınması təmin edildi və s. Halbuki, bütün bunlar beynəlxalq hüquqa zidd idi. Azərbaycan KTMT amilini nəzərə alaraq Ermənistana hər hansı zərbə endirmədi. Azərbaycan qan tökərək ərazilərini işğaldan azad etdi. Ancaq ermənilər belə düşünmürlər. Onlar hesab edirlər ki, gərək Rusiyanın Pskov desant qoşunları gəlib onların yerində Azərbaycanla döyüşəydi. Necə ki, biz bunu Birinci Qarabağ müharibəsində gördük. Bilavasitə Rusiya ordu bölmələrinin iştirakı ilə ermənilər ərazilərimizi işğal etdilər. Ancaq 30 ilə yaxın müddətdə işğalı hüquqi baxımdan legitimləşdirə bilmədilər. Üstəlik, yaranan uğurlu geosiyasi vəziyyət və Türkiyənin davamlı siyasi dəstəyi situasiyanı bizim xeyrimizə dəyişdi. Ermənilərin bir çoxu Rusiyaya olan nifrətini açıq bəyan edə bilmir. Çünki Rusiyadan çox asılıdırlar. İstənilən halda, hansısa erməni dığasının nə deməsindən asılı olmayaraq, biz digər ərazilərin də azad edilməsi ilə bağlı səylərimizi artırmalıyıq”.
Partiya sədri hesab edir ki, bundan sonra Ermənistanın yenidən təşəbbüsü ələ almaq şansı yoxdur.
Vidadi ORDAHALLI