Rusiyanın 1-ci dərəcəli dövlət müşaviri, siyasi elmlər doktoru Tatyana Poloskova rus mətbuatına müsahibəsində deyib ki, ermənilər Ermənistanı tamamilə itirmək istəyirlərsə, səfərbərlik elan etsinlər.
Xanım Poloskova rus sülhməramlılar mövzusuna toxunaraq qeyd edib ki, nahaq sülhməramlıları göndərdik Qarabağa: “Onlara orada ehtiyac yox idi. Biz onları göndərməsəydik, Azərbaycan çoxdan sakitcə torpaqlarını axıra kimi təmizləmişdi və normal sülh şəraiti yaratmışdı. Hər şey də normal olardı. Lakin sülhməramlılar mövzusu təkcə Azərbaycan ekspertlərini deyil, məni də qıcıqlandırır. Niyə ermənistanlılar fikirləşirlər ki, rus hərbçilər onlara görə ölməli, ruslar da hər şeyi buraxıb onların maraqları üçün qurban getməlidirlər? Xeyir ola, bizə elə çox hörmət qoyur erməni diasporları regionlarda? Yox, əksinə, erməni diasporlarının xüsusən də gənc nəsil nümayəndələrinin on illərlə deyil, hətta yüz illərlə Rusiyada yaşayan titullu əhaliyə qarşı pis münasibətlərinin çoxlu nümunəsi var”.
Bununla belə, o, Rusiya kanallarında ermənilərin “informasiya kampaniyaları”ndan da danışıb: “Rusiya telekanallarında ermənilərin çox aqressiv informasiya kampaniyaları olub və indi də var. Biz idiot deyilik, adamlar savadlıdır, hər şeyi başa düşürlər. Xüsusən yaşlı nəsil kitab oxuyur, bilir nə var, nə yox, gənclərimiz də ağıllıdırlar. Ermənistan hökuməti və Müdafiə Nazirliyinin bəyanatında sərhəddə Azərbaycana qarşı güc tətbiq etmək barədə deyilir. Mən uzun illərdir beynəlxalq siyasətlə məşğul oluram, birinci dəfədir eşidirəm ki, məğlub olan tərəf şərt irəli sürsün. Bağışlayın, bu, adekvat hərəkət deyil. Güc işlətmək? Hansı güc? Hardadır onların gücü? Səfərbərlik istəyirlər? Buyursunlar, əgər İrəvanı da tamamilə itirmək istəyirlərsə, səfərbərlik elan etsinlər”.
Görünən odur ki, Ermənistanın yalanlarına artıq sağlam düşünən rus siyasiləri, ictimai xadimləri alət olmaq istəmirlər. Daha açıq formada bəyan edirlər ki, Ermənistanın hansısa revanşist addımları onlara baha başa gələcək.
“Kreml qorxdu ki, Qarabağ tam şəkildə Azərbaycanın nəzarətinə keçsə, o zaman Ermənistanı əldə saxlamaq mümkün olmayacaq”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP funksioneri Əli Orucovun sözlərinə görə, Rusiyanın bəzi ictimai-siyasi xadimlərinin bu cür mövqe ortaya qoyması müsbət haldır: “Ancaq yaxşı olardı ki, Rusiya mediasında bu cür mövqedən çıxış edənlərə daha çox meydan verilsin. Təəssüflər olsun ki, hələlik biz bunu görmürük. Rus telekanallarında erməni lobbisi, necə deyərlər, meydan sulayır. Solovyov, Zatulin, Yevseyev və digər ermənipərəstlərə daha çox efir verilir. Rus telekanallarında Qarabağla bağlı xəbər xarakterli süjet belə yayımlananda biz görürük ki, daha çox erməni tərəfinə üstünlük verilir. Müsbət haldır ki, Rusiyada ermənilərə bu və digər formada etiraz edən rus ziyalıları ortaya mövqe qoyurlar. Ermənistanda revanşist xarakterli çağırışların bu ölkə üçün pis nəticələnəcəyini Rusiya siyasi xadimləri yaxşı bilirlər. Ən azından ona görə ki, Ermənistanın bununla bağlı hazırda belə bir resursu yoxdur. Bunu Rusiya ictimai xadimləri yaxşı başa düşürlər. Ermənistan buna əl atsa, o zaman ordumuz Qarabağın ermənilərin nəzarətində qalan hissəsini də birdəfəlik azad edəcək. Zatən, müharibə dövründə proseslər buna doğru gedirdi. Son anda Rusiya buna imkan vermədi. Kreml qorxdu ki, Qarabağ tam şəkildə Azərbaycanın nəzarətinə keçsə, o zaman Ermənistanı əldə saxlamaq mümkün olmayacaq. Bu səbəbdən prosesin tamamlanmasına imkan vermədilər”.
Partiya funksionerinin fikrincə, Azərbaycan Ermənistanın məğlub durumundan maksimum səmərəli istifadə etməlidir.
Vidadi ORDAHALLI