“Azərbaycan ABŞ-ın yeni administrasiyasından hər hansı mesaj almayıb”. Bu barədə Prezident İlham Əliyev ADA Universitetində keçirilən konfransda ABŞ-ın postmünaqişə dövründə oynadığı rol haqda sualları cavablandırarkən bildirib.
Ölkə başçısı qeyd edib ki, artıq apreldir, amma heç bir mesaj yoxdur: “Biz yanvar ayından ABŞ administrasiyasından heç bir mesaj almamışıq. Bu gün artıq apreldir. Sıfır. Heç bir mesaj yoxdur”.
Bununla yanaşı, Prezident qeyd edib ki, Birləşmiş Ştatların dövlət katibi Entoni Blinken bundan öncə Ermənistanın baş naziri Nikol Paşinyana telefon edib: “Nə danışdıqlarını bilmirəm, amma yenə də balans pozulub. Mən demirəm ki, biz onun zəngini gözləyirik, ancaq o, Minsk Qrupunun həmsədr ölkəsini təmsil edir. O, heç olmasa özünün balanslaşdırılmış yanaşmasını göstərməlidir”.
Dövlət başçısı onu da qeyd edib ki, indiyədək ABŞ administrasiyasının yeganə məlumatı ABŞ prezidenti Co Baydenin Novruz bayramı münasibətilə təbrikidir.
Görünən odur ki, Prezident İlham Əliyev yeni ABŞ administrasiyasının balans siyasətini mənfi qiymətləndirib. Əslində, ABŞ Azərbaycanın regiondakı rolunu və çəkisini nəzərə alaraq müəyyən mesajlar göndərməli idi.
“Təbii ki, bu, balansın pozulmasıdır və Birləşmiş Ştatlara hörmət gətirmir”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə buna bir neçə prizmadan yanaşdı: “Cənab Prezidentin çıxışına diqqət etsək görərik ki, Minsk Qrupunun həmsədrlərindən, o cümlədən, Vaşinqtonun Qarabağ siyasətindən narazılıqlar var. Bu, açıq-aydın özünü göstərir. Xüsusilə bu, yeni administrasiyanın atdığı addımlardan ibarətdir. Həqiqətən biz görürük ki, ABŞ-ın yeni administrasiya rəsmiləri İrəvana zəng edir, Qarabağ məsələsi müzakirə edilir. Ancaq digər tərəf olan Azərbaycanla bənzər əlaqə qurulmur. Təbii ki, bu, balansın pozulmasıdır və Birləşmiş Ştatlara hörmət gətirmir. ABŞ, ilk növbədə, regionda öz geosiyasi maraqlarının təmin edilməsində maraqlıdırsa, o zaman ortaya siyasət qoymalıdır. Bunu Ermənistan üzərindən həyata keçirəcəksə, o zaman bu, uğurlu olmayacaq. Qeyd edim ki, Ermənistanın Qarabağ üzərində hər hansı bir üstünlüyü yoxdur. Münaqişə Ermənistanla sona çatıb. Hazırda bir sıra problemler Rusiya ilə bağlıdır. Burada sülhməramlı qüvvələrin fəaliyyətindən söhbət gedir. ABŞ burada maraqlı olmalı və prosesdə Azərbaycanın maraqlarını nəzərə almaqla yanaşı, regionda fəaliyyətini də artıra bilər. Təəssüf ki, belə bir yanaşma görmürük. Vaşinqton regionda Azərbaycanla birgə koordinasiyalı fəaliyyət göstərib, mövcud durumda proseslərə təsir edə bilər. Xüsusilə burada beynəlxalq hüquqa uyğun addımlar olmalıdır. Ona görə də Prezidentin bu çıxışı obyektivdir və Vaşinqtonun siyasətindən təəssüfləndiyini göstərir”.
Politoloq hesab edir ki, ABŞ Azərbaycanın regiondakı önəmli rolunu nəzərə almalıdır.
Vidadi ORDAHALLI