Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 12-də Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib. Azərbaycanın Vətən müharibəsində Qələbəsinin rəsmiləşməsindən bir gün sonra – noyabrın 11-də Müzəffər Ali Baş Komandan hərbçilərlə görüşündə düşmənin qənimət götürülmüş və məhv edilmiş texnikasının nümayişi üçün planlarının olduğunu deyib. Dekabrın 10-da Zəfər paradında həmin texnikaların bir qismi nümayiş etdirilib.
Hərbi Qənimətlər Parkının açılışı artıq Ermənistanı təşvişə salıb. Ermənistan tərəfi Azərbaycanda belə bir parkın olmasından narahatlıq keçirir.
“...acı məğlubiyyətlə barışmalı, onunla üzləşməli oldular”
Siyasi şərhçi Azər Həsrət bizimlə söhbətində qeyd etdi ki, Ermənistan tərəfinin narahatlığı başadüşüləndir: “Hərbi Qənimətlər Parkının açılışından Ermənistan tərəfinin təşvişə düşməsi Azərbaycan üçün heç bir məna ifadə etmir. Onların narahatlığı o deməkdir ki, məğlub tərəf son çırpıntıları ilə çabalayır. Bütün dünya yaxşı bilir ki, Ermənistan tərəfi biabırçı məğlubiyyətə uğrayıb. Məğlubiyyətin görüntüsü ötən ilin dekabrında Bakı şəhərində keçirilmiş Qələbə paradında özünü göstərdi. Ermənistan cəmiyyəti bir daha acı bir şəkildə məğlubiyyəti yaşadığının fərqinə vardı. Növbəti dəfə isə bu günlərdə Hərbi Qənimətlər Parkının açılışında bütün dünya erməniləri acı məğlubiyyətlə barışmalı, onunla üzləşməli oldular. Təbii ki, belə bir vəziyyətdə olanlar müəyyən addımlar atmalıdırlar. Bu səbəbdən də Ermənistan rəsmiləri Bakıda Hərbi Qənimətlər Parkının açılmasına bu cür reaksiya verirlər. Ancaq nəzərə almaq lazımdır ki, onların hər hansı bir fikri heç nəyi dəyişmir və dəyişməyəcək də. Bütün dünya bilir ki, Azərbaycan qalibdir və qələbəyə öz möhürünü vurub. Heç bir ölkə bu müharibədə Azərbaycanın öz torpaqları uğrunda haqlı davasını şübhə altına almayıb və almayacaq da. Bu baxımdan, hesab edirəm ki, Ermənistan rəhbərliyi bu cür açıqlamalar verəcəyinə Azərbaycan dövləti ilə mümkün qədər qısa müddətdə masa arxasında razılaşmağa yol axtarsın. Belə olarsa, Ermənistan rəhbərliyi öz xalqını çətin vəziyyətdən çıxara bilər”.
Günel CƏLİLOVA