Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı konfransdakı çıxışında belə bir tədbir təşkil etdiyinə görə ADA Universitetinə və onun rəhbərliyinə təşəkkürünü bildirib: “Şadam ki, Universitet qısa zaman ərzində geniş beynəlxalq əlaqələr qurub. Mən, eyni zamanda, tədbirin iştirakçılarına minnətdarlığımı bildirirəm. Belə ki, müharibədən sonra vəziyyət dəyişib. Atəşkəs əldə olunmasına baxmayaraq, münaqişə ilə bağlı çoxlu suallar qalmaqdadır”.
Prezident qeyd edib ki, otuz ildir Ermənistanın işğalından əziyyət çəkən Azərbaycan xalqının regionda marağını, eləcə də onların həmrəyliyini görürük: “Biz münaqişədən sonrakı mərhələ barədə danışmazdan əvvəl başa düşməliyik ki, bu ərazilər otuz ildir işğal altındadır. Biz xatirələri, ailə üzvlərini itirən insanların və həmin ərazilərdə fundamental yaşamaq hüququ olan insanların bu hüquqdan məhrum edilməsini yaddaşlardan silə bilmərik”.
Prezidentin açıqlamasında diqqət çəkən vacib bir məqam var. Ölkə başçısı deyir ki, “atəşkəs əldə olunmasına baxmayaraq, münaqişə ilə bağlı çoxlu suallar qalmaqdadır”. Prezident hansı sualları nəzərdə tutur?
“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, 10 noyabr razılaşmasından sonra Ermənistan tərəfi bir sıra öhdəlikləri yerinə yetirmir: “Nəzərdə tutulan bəndlərdə bir çox detallar var ki, onların həyata keçirilməsi mütləqdir. Ermənistan bir sıra prinsipial məqamlarla bağlı prosesi düşünərək yubadır. Sual doğuran məslələrdən biri Azərbaycanın digər regionlarını Naxçıvanla birləşdirəcək “Mehri dəhlizi”nin vaxtında niyə istifadəyə verilməməsidir. Əgər biz ermənilərə Laçından humanitar dəhliz vermişiksə, onda niyə onlar “Mehri dəhlizi”nin açılmasında maraqlı deyillər? Hesab edirəm ki, burada Qazaxın 7 və Naxçıvanın bir anklav kəndinin Azərbaycana qaytarılması ilə bağlı məsələ də nəzərdə tutula bilər. Bundan əlavə, minalanmış sahələrin xəritəsinin Azərbaycana verilməsilə bağlı məsələ hələ də həll edilməmiş qalır. Eyni zamanda, erməni silahlı qruplarından ibarət bəzi tör-töküntülərin də hələ də Qarabağda olması halları var. Əldə olunan razılaşmada qeyd edilir ki, həmin silahlılar mütləq mənada Azərbaycan ərazisini tərk etməlidir. Əks halda Azərbaycan özü antiterror əməliyyatı ilə onları tərkislah etməyə məcbur olacaq. Belə bir əməliyyat keçirilib və müəyyən sayda terrorçu Azərbaycanın əlindədir. Ermənistan tərəfi çalışır ki, onları hərbi əsir kimi qələmə versin. Ancaq biz bəyan edirik ki, həmin silahlılar əldə olunan atəşkəs razılaşmasından sonra ələ keçiblər. Bütün bunlar və bizim bilmədiyimiz ciddi detallar var ki, ermənillərin addımları fonunda sual doğurur. Azərbaycan tərəfi öz konstruktivliyini nümayiş etdirir. Ermənistan bu yolu tutmaq istəməsə, yenidən başının üstündə dəmir yumruq görməli olacaq”.
Məhəmmədəli QƏRİBLİ