Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı konfransdakı çıxışında bildirib ki, ATƏT-in Minsk Qrupu regionda dinc həyatın daha da nizamlanması üzrə öz təkliflərini təqdim edəcək: “Hesab edirəm, elə sahələr var ki, onlar orada münaqişədən sonrakı vəziyyətə təsir göstərməkdə rol oynaya bilərlər. Münaqişənin həllinə kömək edən qrup kimi yox, çünki münaqişə artıq həll olunub”.
Prezident qeyd edib ki, Ermənistanla sülh razılaşmasından danışanda, əgər Ermənistan bu variantı nəzərdən keçirəcəksə, burada beynəlxalq aktorlar üçün çoxlu fəaliyyət sahələri yarana bilərdi - demarkasiya, delimitasiya, qarşılıqlı fəaliyyət: ”Ümidvaram ki, Minsk Qrupunun nümayəndələri tezliklə Azərbaycana bir sıra təkliflərlə gələcəklər və biz bu təklifləri diqqətlə öyrənəcəyik”.
ATƏT Minsk Qrupundan Prezidentin təklifinə hansısa reaksiya ola bilərmi?
Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Minsk Qrupu həmsədrlərinin həyata keçirmək istədiyi işi biz öz gücümüzə həll etmişik: “Ərazi bütövlüyümüzü əsasən təmin etmişik. Hərbi əməliyyatlarla bağlı dönəm arxada qalıb. Bu səbəbdən də, Minsk Qrupunun əvvəlki formatdakı mandatına ehtiyac yoxdur ki, gəlib vasitəçiliyini davam etdirsin. Çünki biz öz torpaqlarımızdayıq. Missiya nəsə etmək istəyirsə, ilk növbədə Ermənistanın revanşist addımlarının qarşısını almalıdır. Prezident dəfələrlə qeyd edib ki, həmsədrlər istəyirlərsə, regionda sabitliyin və normal münasibətlərin yaranmasına kömək göstərməlidirlər. Ölkə başçısının təklifi budur ki, Minsk Qrupu bundan sonra regionda sabitliyin yaranması istiqamətində səylərini artırmalıdır. Sabitliyi də pozan ermənilərdir. Mən düşünürəm ki, Minsk Qrupu bunu edən deyil. Addımlarından hiss edilir ki, Azərbaycanın sərt mövqeyi onları qane etmir. Verdikləri son birgə bəyanatın notlarından da hiss olunur ki, onlar humanitardan daha çox, siyasi addımlar atmağa çalışırlar. Yenidən status məsələsini gündəmə gətirməyə çan atırlar”.
QAT sədri hesab edir ki, onlara yenidən bu imkan verilsə, əvvəlki anti-Azərbaycan mövqeyində qalacaqlar:
“Bununla Azərbaycan onlara son şansı verir. Yenə də ermənilərə meyllənəcəklərsə, Azərbaycan həmin formatdan rəsmən imtina etməli olacaq. Onların son bəyanatından hiss edilir ki, yenidən status və saxta əsir məsələsini qabartmağa çalışacaqlar. Onlar regionda stabilliyin və dinc yaşayışın təmin olunmasına xidmət etməyəcəklər. Biz bu missiyanın necə qeyri-məhsuldar olduğunu uzun illər ərzində gördük. Bundan sonra da həmin imitasiya heç kimə lazım deyil”.
Məhəmmədəli QƏRİBLİ