Dekabrın 10-da Bakıda Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə keçirilən möhtəşəm Zəfər paradı Azərbaycanın qələbəsindən narahat olan bəzi qüvvələri hərəkətə gətirib. Paradda Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın məşhur mahnıdan söylədiyi "Arazı ayırdılar, lil ilə doyurdular, mən səndən ayrılmazdım, zor ilə ayırdılar" misraları İranda narahatlıqla qarşılanıb. İş o yerə çatıb ki, hətta bununla bağlı Türkiyənin İrandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb. Rəsmi Tehran Ərdoğanın şeir oxumasını "qəbuledilməz addım" kimi qiymətləndirib: "Türkiyənin İrandakı səfiri cənab Ərdoğanın Bakıya səfəri zamanı yol verdiyi qəbuledilməz bəyanatı ilə bağlı çağırılıb". Qurum Türkiyə prezidentinin çıxışını "müdaxilə" kimi dəyərləndirib. Bununla bağlı səfirə İran tərəfinin etirazı çatdırılıb və bildirilib ki, artıq "ərazi iddiaları dövrü" arxada qalıb.
Qeyd edək ki, bir qədər bundan əvvəl İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif də öz sosial şəbəkə hesabında buna etiraz edib.
İranın Ərdoğanın şeir səsləndirməsinə bu qədər həssas yanaşması, hətta buna görə Türkiyənin səfirini XİN-ə çağırmasına ehtiyac var idimi?
Deputat Fazil Mustafa bildirdi ki, bugünə qədər İran Dağlıq Qarabağ münaqişəsinin həllində konkret addım atmayıb: "İndi proses Azərbaycanın xeyrinə dəyişdiyi halda biz yenə İranın mövqeyini normal qarşıladıq. Bundan artıq nə etmək olar? İndi şeir də deməyək ki, İranın qəlbi qırılacaq? Düşünmürəm ki, Ərdoğanın dediyi şeir İrana yönəlmişdi. Bu şeir Azərbaycan xalqının Qarabağda qələbəsinə hesablanıb, hər hansı təhdid, yaxud siyasi məqsəd ehtiva etmir. Ərdoğanın paraddakı çıxışı ədəbiyyat söhbətidir, siyasət deyil. Azərbaycan İranla münasibətində hər hansı siyasi demarş etməyib, yaxud siyasi mesaj ötürməyib”.
“İranın adı çəkilməyib, həmin ölkəyə yönəlik hansısa fikir səslənməyibsə, İranın belə narahatlıq keçirməsi çox qəribədir”
Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev isə hesab edir ki, İranın bu narahatlığı əslində şeirə görə deyil: “Hiss olunur ki, onlar Azərbaycanla Türkiyənin birgə mövqe nümayişindən narahatdır. Biz istəyirik ki, bütün qonşularla münasibətimiz normal olsun. Amma Vətən müharibəsi dönəmində də aşkar göründü ki, İran Azərbaycana Türkiyə kimi açıq dəstək vermədi. İndi də bir bəhanə axtarır ki, etiraz etsin. Ərdoğanın söylədiyi şeirdə qəbahət sayılacaq nəsə yoxdur. İranın adı çəkilməyib, həmin ölkəyə yönəlik hansısa fikir səslənməyibsə, İranın belə narahatlıq keçirməsi çox qəribədir. İranın ən məşhur generalını ABŞ öldürdü, səsi çıxmadı, ən məşhur nüvə alimini öldürdülər, heç belə reaksiyası olmadı. Bİr şeir onları bu qədər narahat edirsə, burada başqa mətləb axtarmalıyıq. Bu bölgədə biz Türkiyə ilə yeni əməkdaşlıq formatı təklif edirik. Orada İranı da görmək istəyiriksə, həmin ölkənin davranışları da buna adekvat olmalıdır”.
Elşad Musayev bildirdi ki, İran belə davranışları ilə bölgədə gərginliyi artıra bilər.
Məhəmmədəli QƏRİBLİ