Xəbər verildiyi kimi, Hadrutda ermənilər Azərbaycan hərbi personalına qarşı silahlı təxribat həyata keçiriblər. Sözügedən təxribat nəticəsində bir əsgər yaralanıb.
Bu arada Ermənistan tərəfi də sözügedən təxribatla bağlı məlumat yayıb. Ermənistan mətbuatı yazır ki, erməni silahlı birləşmələrinin Hadrut istiqamətində törətdiyi təxribat zamanı onların üç hərbçisi yaralanıb. Erməni tərəfinin yaydığı məlumatda bildirilir ki, dekabrın 11-də Hadrut ərazisində atışma olub.
Məlumat üçün qeyd edək ki, bir neçə gün əvvəl ermənilər avadanlıq quraşdıran "Azercell" mobil operatorunun işçilərinə də hücum edib.
10 noyabır razılaşmasından sonra belə təxribatların baş verməsinin kökündə dayanan səbəblər maraq doğurur. Düzdür, erməni xislətinə az-çox bələd olanlar üçün bu o qədər də təəccüblü görünmür. Çünki ermənilər hər zaman belə olub. Ancaq nəzərə alsaq ki, 44 günlük müharibədə Ermənistan ciddi məğlubiyyətə uğrayıb, bölgədə Rusiya sülhməramlıları yerləşib, o zaman bu təxribatın haradan qaynaqlandığı maraq doğurur. Maraqlıdır, sözügedən təxribat Ermənistan tərəfindən idarə olunur, yoxsa bunun arxasında xarici dairələr dayanır?
“Ermənistan ordusunda əvvəlki “Qarabağ klanı”nın maraqlarına işləyən hərbçilər var”
Məsələyə münasibət bildirən AMİP funksioneri Əli Orucovun fikrincə, birmənalı olaraq Hadrut təxribatının arxasında hansı qüvvələrin dayandığını demək çətindir: “Hər şey mümkündür. Ermənistan tərəfindən də idarə oluna bilər. Çünki Ermənistan ordusu daxilində 10 noyabr razılaşmasını qəbul etməyən qüvvələr var. Onlar məqsədyönlü şəkildə buna gedə bilər. Bununla belə, Ermənistan ordusunda əvvəlki “Qarabağ klanı”nın maraqlarına işləyən hərbçilər var. Onların bu təxribatı törətmək ehtimalı yüksəkdir. Nəzərə almaq lazımdır ki, onların Paşinyanı görməyə gözü yoxdur. O tərəfdən də Rusiya sülhməramlılarının Qarabağda mövcudluğu onlarda müəyyən arxayınçılıq yaradıb. Hadrut təxribatında 10 noyabr razılaşmasından məmnun olmayan bəzi ermənipərəst Qərb dövlətlərinin də rolu ola bilər. Çünki onlar Rusiya və Türkiyənin bu məsələdə birgə əməkdaşlığını qəbul etmək istəmir. İstəmirlər ki, onların iştirakı olmadan Qarabağ məsələsi tənzimlənsin. Bu baxımdan üçüncü qüvvələrin sözügedən təxribatda əli ola bilər”.
Partiya funksioneri hesab edir ki, Azərbaycan son dərəcə ayıq-sayıq olmalıdır.
Vidadi ORDAHALLI