Ukraynanın Xarkov şəhərindən Xarkov vilayətində fəaliyyət göstərən Azərbaycan-Ukrayna Dostluğu Cəmiyyətinin ("Dostluq”) sədri, Xarkov Milli Radioelektronika Universitetinin prorektoru, Azərbaycan Respublikasının Əməkdar elm xadimi, texnika elmləri doktoru, professor Murad Ömərov Prezident İlham Əliyevə müraciət ünvanlayıb:
“Sizi və Sizin şəxsinizdə bütün xalqımızı torpaqlarımızın işğaldan azad olunması münasibətilə təbrik edir, ən xoş arzularımızı çatdırıram.
Biz çox fərəhlənirik ki, torpaqlarımızın 30 illik işğalı Şuşa qalasında şücayətli, cəsur əsgərlərimizin tarixə düşəcək qələbəsiylə başa çatdı. Mən 40 ildən çox ölkəmizdən kənarda yaşayan bir azərbaycanlı kimi Sizə və Sizin müdrik rəhbərliyiniz altında fəaliyyət göstərən hərbiçilərimizə, diplomatlarımıza və siyasətçilərimizə öz minnətdarlığımı bildirirəm.
Biz artıq qələbə çalmış böyük bir millətin nümayəndəsi kimi başımızı dik tutub qürurla gəzə bilərik və bunun üçün torpaqlarımızın azad olunması uğrunda döyüşlərdə şəhidlik zirvəsinə qalxmış hərbiçilərimizin xatirəsi qarşısında baş əyirik, ulu Tanrıdan onlara rəhmət və yaralılarımıza şəfa diləyirik.
Ağdam, Kəlbəcər və Laçın rayonlarının Sizin müdrik siyasətiniz nəticəsində itki verilmədən azad olunması bizə bir daha əsas verir ki, gələcəkdə də diplomatiya cəbhəsində uğur qazanacaq və vəhşi ermənilər tərəfindən tamamilə viran edilmiş şəhər və kəndlərimizin bərpa ediləcəyinə əmin olaq!
Fürsətdən istifadə edərək Sizə şəxsən öz dərin minnətdarlığımı yetirirəm!”
Baki-xeber.com