“Bizim də qapılarımızı Ermənistanın üzünə bağlamaq kimi bir dərdimiz yoxdur”. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevlə birlikdə keçirdikləri mətbuat konfransında deyib.
R.Ərdoğanın fikrincə, regional sülhün bu bölgədəki ölkələrə gətirdiyi vəzifələr var: “Bu vəzifələrə infrastruktur, siyasi, diplomatik bir çox məsələlər daxildir. Bu gün də qardaşıma dedim, əgər bu məsələdə müsbət addımlar atıldığı təqdirdə biz də bağlı olan qapılarımızı açarıq. Amma yetər ki, bu müsbət addımlar atılsın. Bizim də qapılarımızı Ermənistanın üzünə bağlamaq kimi bir dərdimiz yoxdur. Çünki biz sülhün göyərçinləri olmaq istəyirik, sülh addımları atmaq istəyirik. Üstəlik, bizim Ermənistan xalqına bir kinimiz yoxdur. Problem Ermənistanın hakimiyyəti ilədir. Türkiyədə yüz mindən çox erməni yaşayır. Bunların arasında vətəndaşlıq hüququnu əldə edəni də var, əldə etməyəni də var. Amma biz onları da ölkəmizdə qonaq qəbul edirik. Niyə? Çünki bizim insanlara qarşı heç bir kinimiz yoxdur. Məqsəd xüsusilə bu sülhü formalaşdırmaq, möhkəmləndirməkdir. Addımlarımızı da buna görə atmalıyıq”.
Göründüyü kimi, Türkiyə Prezidenti açıq şəkildə qeyd etdi ki, bölgəyə sülh gəlsə, Ermənistanla da sərhədlər açılacaq.
Maraqlıdır, bəs ekspertlər Ərdoğanın bu mesajını necə şərh edirlər? Bununla o nə demək istədi?
“Bu məsələ daha çox qarşı tərəfin siyasətindən asılıdır”
Sözügedən məsələyə aydınlıq gətirən politoloq Məhəmməd Əsədullazadə bununla bağlı bir sıra məqamlara toxundu: “Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanan bəyanat regionda yeni bir siyasi mənzərə yaradıb. Məhz bu aspektdən çıxış etdikdə, ilk növbədə, Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməklə regionda sülhün əldə edilməsinə yardım edə bilər. Bakıda keçirilən məlum paradda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dedi ki, regionda yeni bir tarixi dönüş yaranır. Bu məqsədlə altılıq bir paltforma yaradılıb. Həmçinin, Ermənistanın da burada ola bilməsini vurğuladı. Təbii ki, Ermənistan rəhbərliyi Türkiyə və Azərbaycana qarşı ərazi iddialarından əl çəksə, sərhədlər açıla bilər. Sülh müqaviləsi imzalanandan sonra regionda təhlükəsiz bir mühit formalaşa bilər. Ermənistan rəhbərliyinin siyasətindən asılıdır bu məsələlər. Türkiyə regionda öz mövqeyini gücləndirəcək, siyasi-iqtisadi bir platforma quracaq. Ermənistan normal şərtlər daxilində fəaliyyət göstərəcəksə, bu baş verə biləcək. Ancaq Ermənistanda elə qüvvələr var ki, onlar konkret olaraq Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları ilə çıxış edirlər. Bu minvalla düşmənçilyi davam etdirmək niyyətindədirlər. Belə olarsa, Ermənistan yenə də regionun siyasi-iqtisadi layihələrindən kənar qalacaq. Nəticədə forpost kimi mövcudluğunu güclə qoruyacaq. Halbuki, sülhdə maraqlı olacaqsa, bu onlar üçün də şans olacaq”.
Politoloq yekunda qeyd etdi ki, Türkiyə Prezidentinin siyasəti regionda bir açılımı özündə ehtiva edir.
Vidadi ORDAHALLI