Səsləndirilən siyasi bəyanatlar Qarabağ münaqişəsinin həlli üçün göstərilən səylərin pozulmasına yox, bölgədə həyatı sahmana salmaq üçün lazımi şərait yaradılmasına yönəlməlidir.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə bildirib.
O qeyd edib ki, bu istiqamətdə çox səy göstərilib: “Çox böyük səylər göstərilib, böyük qüvvə sərf olunub. Həmçinin, çoxlu qanın da axdığını unutmamaq lazımdır. Hər hansı siyasi bəyanat bütün bunların üstündən xətt çəkməməlidir”.
Erməni mətbuatı Zaxarovanın bu açıqlamasını Prezident İlham Əliyevin Zəngəzurla bağlı səsləndirdiyi fikirlərə cavab kimi təqdim edib. Guya bununla Zaxarova sözügedən məsələyə mənfi mövqedən yanaşıb.
Hansı ki, Prezident İlham Əliyev Azadlıq meydanında Vətən müharibəsində qələbəyə həsr olunan Zəfər paradında çıxışı zamanı Zəngəzurun ələ keçirilməsi ilə bağlı bir söz demədi. Ölkə başçısı qeyd etdi ki, həmin ərazilər tarixi Azərbaycan torpaqları olub: “Zəngəzur, Göyçə, İrəvan mahalı bizim tarixi torpaqlarımızdır. Bizim xalqımız bu torpaqlarda əsrlər boyu yaşayıb. Ancaq Ermənistan rəhbərliyi o vaxt yüz minlərlə azərbaycanlını öz doğma torpaqlarından didərgin salmışdır”.
O üzdən maraqlıdır, ermənipərəst müxbir Zaxarovanı provokasiyaya çəkdi, yoxsa Əliyevin paraddakı çıxışını təhrif etdi?
“Ermənilər bunu dünyaya elə təqdim etmək istəyirlər ki, guya biz onlara qarşı ərazi iddiaları ilə çıxış edirik”
Məsələyə münasibət bildirən media eksperti Yadigar Məmmədlinin sözlərinə görə, erməni xislətinə xas olaraq burada hər iki məqam var: “Əvvəla Azadlıq meydanında keçirilən Zəfər paradı tarixi bir hadisədir. Bunun barəsində hələ çox danışılacaq. Ona görə ki, paradda bir sıra mesajlar verildi. Azərbaycan və Türkiyə prezidentləri çox önəmli məsələlərə toxundular. Ermənilərin kimisə provokasiyaya çəkməsi, məlumatları təhrif etməsi yeni deyil. Onlar dəfələrlə Azərbaycan Prezidentinin fikirlərini təhrif edərək başqa istiqamətə yozublar. Bundan təxribat məqsədilə istifadə etməyə cəhd ediblər. Bu da onun göstəricisidir. Cənab Prezident qeyd etdi ki, Zəngəzur, Göyçə, İrəvan mahalı bizim tarixi torpaqlarımızdır. Burda yalan nə var ki? Ermənilər bunu dünyaya elə təqdim etmək istəyirlər ki, guya biz onlara qarşı ərazi iddiaları ilə çıxış edirik. Təbii ki, bu belə deyil. Ölkə başçısı tarixi həqiqətləri dedi. Tarixi reallıq ondan ibarətdir ki, hər üç vilayət bir vaxtlar Azərbaycanın olub. Sonra müxtəlif səbəblərdən tarixi ərazilərimizdə Ermənistan dövləti yaradılıb. Daha sonra ermənilər Azərbaycan türklərini zaman-zaman öz dədə-baba torpaqlarından sıxışdırıb çıxarıblar. Bu azmış kimi, Dağlıq Qarabağa iddia ediblər. Ermənilər bu reallıqları etiraf etmək əvəzinə, həmişə olduğu kimi, yenə də provokasiya ilə məşğuldurlar”.
Media eksperti hesab edir ki, biz hər zaman erməni fitnəkarlığına hazır olmalıyıq.
Vidadi ORDAHALLI