24/11/2020 12:33
728 x 90

Qərbin bəzi ziyalılarının Qarabağdakı xristian abidələri barədə yersiz yaxa-baca cırmaları - ermənilər məscidlərə donuz bağlayanda harada idiniz...

Qasım Hacıyev: “Ermənilər Azərbaycan məscidlərini dağıdıb oranı zibilxanaya, tövləyə çevirəndə həmin ikiüzlü, “xristian təəssübkeşi” qiyafəsinə bürünən “alimlər”...”

img

Qarabağın işğaldan azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi Qərb dünyasını, xristian aləmini yasa batırıb. Zaman-zaman erməni təəssübkeşliyi göstərən qərblilər ermənilərin Kəlbəcərdən, Ağdamdan, bunların ardınca isə Laçından çıxması xəbərini az qala faciə kimi qəbul edirlər.

Azərbaycan torpaqlarının 30 ilə yaxın erməni işğalında olmasına göz yuman, bunu görməzdən gələn Qərb dünyası uzun illər ermənilərin Azərbaycan abidələrini, maddi-mədəni irsini, məscidlərini, dini inanc yerlərini, azərbaycanlı qəbiristanlıqlarını dağıdıb yerlə yeksan etməsinə, məscidlərimizə donuz bağlamasına, müqəddəs yerlərimizi tövləyə, zibilxanaya çevirməsi faktına bircə dəfə də səslərini qaldırmayıblar. Amma ermənilərin bizim torpaqlarda quraşdırdıqları saxta “mədəni irsin” təəssübünü çəkirlər, dünyaya səs salırlar ki, ay aman, azərbaycanlılar “erməni irsini dağıdacaq” və sair. 

Bu günlərdə Qərbin bəzi ziyalıları, sənət adamları Kəlbəcərdəki alban kilsəsinin sonrakı taleyindən narahat olduqları ilə bağlı bəyanat yayıblar. Eyni zamanda, Rusiyanın da bir sıra tanınmış simaları bu yanlış prosesə qoşulublar. Dirijorlar Vladimir Spivakov və Teodor Currentzis, musiqiçi Boris Qrebenşikov və rejissor Aleksandr Sokurov da daxil olmaqla, Rusiya mədəniyyət xadimləri UNESCO-ya müraciət edərək Dağlıq Qarabağın “xristian mədəniyyətinin”, “bədii və memarlıq irslərinin” bundan sonra qorunması üçün Dünya İrsi Siyahısına daxil edilməsini xahiş edirlər. “Biz beynəlxalq mədəniyyət ictimaiyyətinin nümayəndələri və ictimai xadimlər Dağlıq Qarabağın xristian mədəniyyəti, bədii və memarlıq irsinin “təhlükə altında” (?) “olan” və döyüş əməliyyatları bitdikdən sonra da “məhv edilərək” vandalizmə məruz qala biləcək abidələrin taleyindən çox narahat oluruq. UNESCO-dan xahiş edirik ki, abidələri xilas etmək üçün bütün səlahiyyət və imkanlarından istifadə edərək, onlara lazımi status versin və UNESCO-nin Dünya İrsi Siyahısına daxil etsin (?)”. Bu barədə “RİA Novosti” məlumat yayıb.

Mədəniyyət xadimləri “Qarabağ mədəni irsinin əvvəllər Suriyanın Palmirası ilə “eyni faciəli aqibətlə üzləşə biləcəyindən narahat olduqlarını” bildiriblər.

  • “...terror cinayətlərini gizlətmək cəhdlərinin göstəricisidir”

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunun ermənişünaslıq şöbəsinin müdiri, professor Qasım Hacıyev hesab edir ki, Qərb və Rusiya ziyalılarının bu müraciəti onların ikiüzlülüyünü ortaya qoyur. Qərblilərin müsəlmanlara, Türk dünyasına qarşı bu cür məkrli çıxış etməsi 30 ilin deyil, ən azı iki yüz ilin işidir. “Özünü “ziyalı” adlandıran bəzi xristianların, rusların və digər millətlərin nümayəndələrinin UNESCO-ya bu cür müraciət etməsi onların ikiüzlülüyünün və ermənilərin ləyaqətsizliyini, terror cinayətlərini gizlətmək cəhdlərinin göstəricisidir. Ermənilərə açıq dəstək verib, erməni terrorunu dəstəkləyən bəzi xristian ziyalıları təəssüf ki, xristian dininin pərdəsinə bürünərək din amilindən sui-istifadə edirlər. Bu adamlar özləri nə doğru-dürüst xristiandırlar, nə də dünya dinlərindən və dünya mədəniyyətlərindən anlayışları var, onlar həm də azərbaycanlıları yaxşı tanımırlar. Azərbaycan xalqı dünya xalqları arasında ən tolerant xalq olduğunu artıq sübut edib. Qərb dünyası da, digər ölkələr də Azərbaycanın necə tolerant ölkə olduğunu yaxşı bilirlər. İstərdim ki, Qarabağdakı xristian abidələrinin “qayğısına qalan” və onun “müdafiəsi” üçün UNESCO-ya müraciət edən Qərb, Rusiya ziyalıları bilməlidirlər ki, xristianlıq Azərbaycanda bu gün özünü xristian adlandıran dövlətin çoxundan çox-çox əvvəl qəbul edilib, xristian Albaniyası dövründə xristianlıq bizim bölgənin rəsmi dini olub. Qarabağda erməni saxtakarlığına məruz qalan xristian abidələrini də işğala qədərki dövrə kimi Azərbaycan xalqı qoruyub saxlayıb, amma ermənilər onları məhv edib, erməniləşdiriblər. Bu abidələr ermənilərin bizim torpaqlara köçürülməsindən sonra yaranmayıb, ilk orta əsrlərdə yaradılıb. Dünənə qədər başqa ölkələrin ərazilərini işğal edən iri Qərb dövlətləri yerli xalqların bütlərini, abidələrini dağıdıblar. UNESCO-ya müraciət edən həmin ziyalılardır ki, onlar Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsini, maddi-mədəni irsimizin, eləcə də müsəlman abidələrinin, məscidlərin dağıdılmasını görə-görə bir dəfə də olsun səslərini çıxarmadılar. Onlar özlərini görməzliyə vurdular. İndi bu gün onların Azərbaycan xalqının tarixi mədəni irsi olan bu abidələrin üstündən manipulyasiya etməsi ermənilərin törətdikləri cinayətlərə şərik olmaqdır. Mən UNESCO-ya “xristian abidələrini azərbayacanlıların hücumundan qorumaq lazımdır” kimi cəfəng, əsassız müraciət edən həmin adamları nə ziyalı sayıram, nə də böyük sənətkar, ziyalılığı, sənəti olan adamlar heç zaman belə addım atmaz. Ziyalılıq ədalət prinsipini uca tutmaqdır, bu da həmin adamlarda yoxdur.

Ermənilər Azərbaycan məscidlərini dağıdıb oranı zibilxanaya, tövləyə çevirəndə həmin ikiüzlü, “xristian təəssübkeşi” qiyafəsinə bürünən  “alimlər”, “ziyalılar”, “böyük sənətkarlar” erməni vandalizmini, sadəcə, seyr edirdilər, bəşəriyyət əleyhinə cinayətlərə reaksiya vermirdilər. İndi ikiüzlülük edib yalandan haray salırlar ki, Qarabağdakı “xristian abidələri UNESCO-nun Mədəni İrs Siyahısına salınmalıdır”. Həmin abidələr UNESCO-nun Mədəni İrs Siyahısına “erməni irsi” kimi daxil oluna bilməz, heç UNESCO da özünü nüfuzdan salıb bu addımı atmaz. Qarabağın xristianlıq dövrü abidələri UNESCO-ya yalnız Azərbaycanın maddi mədəniyyət irsi kimi daxil edilə bilər, çünki bu bizim irsimizdir, onun ermənilərə heç bir aidiyyəti yoxdur” - deyə Q.Hacıyev vurğuladı.

İradə SARIYEVA

Son xəbərlər