Ermənistan ordusunda nəinki sıravi əsgərlərin, hətta yüksək çinli zabitlərin, generalların da fərarilik etməsi ilə bağlı kifayət qədər fakt mövcud olsa da, müharibə dövründə Ermənistanın hərbi-siyasi rəhbərliyi bunu əsassız şəkildə inkar edirdi. Amma Ermənistanın 44 günlük müharibədə biabırçı məğlubiyyətindən sonra bu ölkədə kütləvi şəkildə hərbçilərin həbs edilməsinin şahidi olduq. Məlumatlara görə, yüzlərlə erməni hərbçisinə cinayət işi qaldırılıb.
Ermənistanın sabiq hərbi komissarı, general-mayor Levon Stepanyan deyib ki, Ermənistanda fərarilik çox yüksək həddə olub: “Ön cəbhədən fərarilik o qədər çox olub ki, hamıya Ermənistan həbsxanalarında yer çatmayacaq”. Onun sözlərinə görə, özünün hərbi komissar işlədiyi 90-cı illərdə fərarilik halları ciddi cəzalandırılırdı: “İndi isə əsgərlər nüfuzlu yaxınlarının köməyilə xidmətdən yayınırlar. Təkcə bu fərariləri deyil, həm də onlara kömək edənləri məsuliyyətə cəlb etmək lazımdır. Amma bu qədər fərarini yerləşdirmək üçün həbsxanalarda yer qalmayacaq”.
Bu da Ermənistanda fərariliyin hansı həddə olduğunu göstərən əsaslı faktdır.
“Ermənistanda fərariliyin baş alıb getdiyi məlum idi, indi bunu onlar özləri də etiraf edirlər”
Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı bizimlə söhbətində dedi ki, 44 günlük müharibə çox məsələləri ortaya qoydu, Azərbaycan Ordusunun gücünü göstərdi, dünyada qüvvələr nisbətini meydana çıxardı, regionda yeni münasibətlər sisteminin yarandığını bəlli etdi: “Eyni zamanda, Ermənistanla da bağlı bir sıra faktları ortaya çıxarıb aşkar etdi. O cümlədən də mifik Ermənistan ordusunun vəziyyətini tam açıqlığı, aydınlığı ilə ortaya qoydu. Məlum oldu ki, Ermənistanda ordu adlı bir şey yox imiş. Yalandan mif yaratmaqla, uydurma təbliğat aparmaqla, hay-küy salmaqla saxta “güclü erməni ordusu” obrazı yaratmaq istəyirdilər. Hətta dünyanın böyük ordularına da özlərini yamaq etməyə cəhdlər göstərirdilər. “Yenilməz Ermənistan ordusu” mifini yaradırdılar. “Böyük Ermənistan, qədim Ermənistan” uydurma tezisi kimi “güclü erməni ordusu” tezisi də saxta çıxdı. Biz bunu bilirdik. Azərbaycan Ordusu bütün dünyaya göstərdi ki, “güclü Ermənistan ordusu” deyilən bir şey yoxdur, bu mifdir. Ermənistan indiyə qədər nə etmişdisə, Rusiya ordusunun gücünə etmişdi. Özü də bunu 90-cı illərin əvvəllərində Azərbaycandakı siyasi böhran dövründə həyata keçirərək, torpaqlarımızı xaricdən gətirdikləri terrorçu qüvvələrin gücünə işğal etmişdilər. Bu gün Ermənistan öz ordusunun mifdən başqa bir şey olmadığını ortaya qoydu və açıq şəkildə Azərbaycan Ordusuna qarşı heç bir müqavimət göstərə bilmədiklərini etiraf etdi. Onların heç bir hazırlıqları yoxdur. Araik də etiraf edir ki, erməni 1500 hərbçisi 20-30 nəfər Azərbaycan əsgərinin qarşısından qaçırdı. Faktiki olaraq, onlar bizim əsgərlərin qarşısında duruş gətirə bilmədilər. Çünki onların nizami ordusu yox idi. Küçədən, ordan-burdan insanları tutub orduya cəlb edirdilər, onların da nə döyüş hazırlığı, nə də nizam-intizamı vardı, başlıcası isə mənəvi cəhətdən döyüş əzmləri yox idi. Ona görə də Azərbaycan Ordusu tərəfindən darmadağın edildilər. Ermənistanda fərariliyin baş alıb getdiyi məlum idi, indi bunu onlar özləri də etiraf edirlər. Ermənistanda fərarilik ona görə yüksək həddə oldu ki, onlar onlara aid olmayan Qarabağda döyüşmək istəmirdilər, “bizə aid olmayan torpaqlar uğrunda niyə döyüşməliyik” deyirdilər. Ermənistan cəmiyyəti övladlarının Dağlıq Qarabağda döyüşməyə getməsini istəmirdi, ona görə də müxtəlif üsullardan istifadə edərək onları yayındırırdılar. Çünki anlayırdılar ki, Dağlıq Qarabağ onlar üçün yad bir ərazidir. Həm də erməni xalqı başa düşürdü ki, bu, ədalətsiz müharibədir və haqlı tərəf Azərbaycandır, Azərbaycan öz torpaqlarında vuruşur və ərazilərini işğaldan azad edir. Bütün bunlar göstərir ki, heç zaman “güclü Ermənistan ordusu” olmayıb və olmayacaq da”.
Ermənilərin tarixən döyüşkən xalq olmadığını deyən A.Nağının sözlərinə görə, hay tayfasının döyüşkənliyinə dair qədim dövrdən indiyə qədər heç bir tarixi mənbədə məlumat yoxdur. Heç bu tayfanın tarixinin qədim dövrlərə də gedib çıxmadığını deyən A.Nağının sözlərinə görə, 18-19-cu əsrdən bu yana onların adları çəkilib. “Onların tarixdə nə dövlətləri, nə ordusu, nə qəhrəmanları, nə də sərkərdələri olub. Yalnız onların saxta mirzələri olub ki, ermənilər üçün qondarma tarixlər yazıblar, başqalarının tarixini öz adlarına çıxaraq miflər yaradıblar. 44 günlük müharibə tam çılpaqlığı ilə göstərdi ki, Ermənistanda ordu deyilən bir şey yoxdur, ordu adına olan hərbi birləşmələrdə iştirak edənlərin tam böyük əksəriyyəti fərarilərdən ibarətdir, ona görə də onların hamısı həbs edilərsə, bütün həbsxanalar dolacaq”.
A.Nağı qeyd etdi ki, Birinci Dünya müharibəsi dövründə azərbaycanlılar da, ermənilər də Rusiya İmperiyasının tərklibində idilər, müsəlman olduqları üçün azərbaycanlılara çoxda inanmırdılar, buna görə də çox az sayda azərbaycanlını orduya götürürdülər: “Buna baxmayaraq, çox az sayda azərbaycanlı rus ordusuna düşə bilmişdi. Həmin rus ordusuna düşənlər arasında Rusiya hərb tarixinə düşən generallarımız var. Bəlkə də onlarla generalımız var ki, Rusiyanın hərb tarixinə düşüblər. Əliağa Şıxlınski, Səməd bəy Mehmandarov o generallar arasında ən tanınmışlarıdır. Onlardan başqa generallarımız olub, amma ermənilərin özünü döyüş meydanında göstərən, öndə gedən generalları olmayıb. İkinci Dünya müharibəsində də azərbaycanlılar fərdi qəhrəmanlıq nümunəsi göstərdilər, bizim xalqımızın övladları həqiqi qəhrəmanlar olublar və Sovet İttifaqı Qəhrəmanı adını da şücaətlərinə görə qazanıblar. Amma ermənilər dəftərxana intriqalarında iştirak etməklə, SSRİ rəhbərliyinə yarınmaqla özlərinə “qəhrəman” adı verdirirdilər. Baqramyan başda olmaqla, “Sovet İttifaqı Qəhrəmanı” adı alanların hamısı dəftərxana generalları və marşalları idilər. Hansı xidmətlərinə görə Baqramyan marşal olmuşdu? Yalnız dəftərxanalarda ermənilərin köməyilə saxta sənədlər düzəltməklə bu rütbəni alıb. Ermənilərin mahiyyəti, naturası budur, onu da Azərbaycan Ordusu öz zərbəsi, parlaq qələbəsi ilə bir daha ortaya qoydu, nümayiş etdirdi” - deyə A.Nağı bildirdi.
İradə SARIYEVA