Xəbər verildiyi kimi, Füzuli şəhərindən Şuşa şəhərinə yol çəkilir. Artıq yolun çəkilişinə start verilib. Oktyabrın 17-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonunda layihənin icrasının gedişi ilə tanış olublar.
Dövlət başçısı qeyd edib ki, bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür, tarixi bir gündür: “Bu gün Füzuli-Şuşa avtomobil yolunun təməli qoyulur. Bu yolun çox böyük əhəmiyyəti var. Çünki bu yol bizi Qarabağın tacı olan Şuşa şəhərinə aparır. Eyni zamanda, bu layihə işğaldan azad edilmiş torpaqlarda icra edilən birinci layihədir”.
Qeyd edək ki, Prezident İlham Əliyev Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, ümumi uzunluğu 101,5 kilometr olan Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi üçün 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 50 milyon manat ayrılıb.
Vüqar Bayramov: “Füzuli-Şuşa yolu Azərbaycan üçün həm strateji, həm də iqtisadi əhəmiyyət daşıyır”
Füzuli-Şuşa yolunun strateji əhəmiyyəti haqqında danışan millət vəkili Vüqar Bayramov qeyd etdi ki, Füzuli rayonundan Azərbaycanın qürur şəhəri olan Şuşaya yol çəkilişinə başlanıb: “Bu yol Xocavənd rayonu ərazisindən keçməklə Füzuli rayonu ilə Şuşa şəhərini birləşdirəcək. Füzuli rayonunun Alxanlı qəsəbəsindən başlanan yol bizi Şuşaya çatdıracaq. Bu yol Azərbaycan üçün həm strateji, həm də iqtisadi əhəmiyyət daşıyır. Həmin yol Şuşa ilə Azərbaycanın digər yaşayış məntəqələri arasında nəqliyyat əlaqəsinin qurulmasına imkan verəcək. İşğaldan əvvəl Şuşa şəhərinə Ağdam və Xankəndidən keçməklə gedilirdi. Digər tərəfdən, çox yaxın zamanlarda xeyli sayda vətəndaşımız işğaldan azad olunan rayonlarımızı, o cümlədən, Şuşa şəhərini ziyarət edəcəklər. Bu isə bu zonalarda daxili turizmin inkişafı deməkdir. Bütövlükdə, gözlənir ki, daxili turizmə üstünlük verən vətəndaşlarımızın əhəmiyyətli hissəsi bərpadan sonra işğaldan azad olunan ərazilərimizi də seçəcəklər. Bu isə həmin ərazilərimizdə biznesin inkişafı baxımdan vacibdir. Bütövlükdə, Azərbaycan tarixi üçün xüsusi əhəmiyyət daşıyacaq həmin yol bizi əbədi olaraq Şuşa şəhərinə çatdıracaq".
Ərşad Hüseynov: “…həm də sosial-mənəvi baxımdan mühüm əhəmiyyət daşıyır”
Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov bildirdi ki, işğaldan azad olunan ərazilərimizdə çoxlu sayda yolun yenidən qurulmasına və yeni yolların çəkilməsinə ehtiyac var. Füzuli-Şuşa avtomobil yolunun çəkilməsi həm iqtisadi-siyasi, həm də sosial-mənəvi baxımdan mühüm əhəmiyyət daşıyır.
Həmsöhbətimiz hesab edir ki, növbəti belə möhtəşəm layihə Kəlbəcər istiqamətində olmalıdır: "Təəssüf ki, Tərtər-Kəlbəcər yolu sülhməramlıların nəzarəti altında olacaq. Ona görə də şanlı ordumuzun etibarlı logistikasını təmin etmək, həmçinin, mülki əhalinin və dövlət qurumlarının tam maneəsiz istifadəsi üçün Göygöl-Toğana-Kəlbəcər yolu mükəmməl şəkildə yenidən tikilməlidir. Bundan başqa, Daşkəsənin Xoşbulaq kəndi istiqamətindən Kəlbəcərin Lev kəndi istiqamətinə yeni yol çəkilməlidir. Eyni zamanda, Kəlbəcər-Laçın yolu da mükəmməl yola çevrilməlidir. Bir sözlə, yol çəkənlərimizi ağır, amma şərəfli işlər gözləyir".
Günel CƏLİLOVA