Ermənistanın pulu yoxdursa, Zəngəzuru təzminat əvəzi kimi versin - Baxçalıdan maraqlı çağırış...

Üçtərəfli bəyanatı imzalamaqla Ermənistan kapitulyasiya aktını imzalamış oldu. Bildiyimiz kimi, Azərbaycan dövləti Ermənistana qarşı təzminat davası açmağa hazırlaşır. Rəsmi səviyyədə bəyan edilir ki, Ermənistan işğal etdiyi ərazilərimizdə törətdiyi saysız cinayətin qarşılığını mütləq şəkildə ödəməlidir.
Bu arada Türkiyənin müxalif Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı bildirib ki, Azərbaycan yalnız şərtlə barışığa gedə bilər. Baxçalı bunun üçün Ermənistanın Azərbaycana təzminat ödəməsinin vacib olduğunu bildirib: “Azərbaycan barışa tək şərtlə gedə bilər. 30 ildir rayonlara dəymiş zərəri Ermənistan təzminat olaraq Azərbaycana ödəməlidir. Təzminat ödəyəcək imkanı yoxdursa, hüquqa uyğun olaraq, torpaq verilməlidir. O da Zəngəzur olmalıdır ki, Naxçıvan Azərbaycana birləşsin”.
D.Baxçalının fikirlərini şərh edən politoloqlar hesab edirlər ki, bu tamamilə beynəlxalq təcrübəyə və hüquqa uyğundur. Ekspertlərin bildirdiyinə görə, Ermənistan təzminat ödəməkdən yayınmaq üçün “acından ölürük, pulumuz yoxdur” kimi sərsəmləmələr sərgiləyə bilər, bu halda, düşmən dövlətin bu təzminatı ərazi ilə ödəməsi məsələsi qaldırılmalıdır.
- “Ermənistanın təzminatı pul şəklində Azərbaycana ödəmək imkanı yoxdursa, onda Zəngəzuru...”
“İki sahil” qəzetinin baş redaktoru, politoloq Vüqar Rəhimzadə “Bakı-Xəbər”ə şərhində qeyd etdi ki, Ermənistan, birmənalı şəkildə, Azərbaycana vurduğu zərərlərə görə təzminat ödəməlidir. Bunun qaçılmaz olduğunu deyən V.Rəhimzadə hesab edir ki, bütün mümkün təzyiq vasitələrindən istifadə edərək Ermənistanın təzminat ödəməsinə nail olacağıq. Artıq Azərbaycanın müfaviq dövlət qurumları tərəfindən bu istiqamətdə fəaliyyətə başlandığını deyən V.Rəhimzadənin sözlərinə görə, Ermənistanın “göz yaşları”nın heç bir faydası olmayacaq, terrorçu dövlət son qəpiyinə qədər təzminatı ödəyəcək. Ermənistanın Azərbaycanın işğal etdiyi ərazilərində saysız iqtisadi, ekoloji və digər cinayət törətdiyini vurğulayan V.Rəhimzadənin qeyd etdiyinə görə, hər bir dövlət etdiyi cinayətlərin bədəlini ödəməlidir: “Ermənistan Azərbaycana, birmənalı olaraq, təzminat ödəməlidir. Bilirsiniz ki, 30 il müddətində Ermənistan Azərbaycan torpaqlarını işğalda saxlayıb və işğal müddətində burada hər cür cinayət əməlləri törədib. Yeraltı və yerüstü sərvətlərimizi talayıb, dağıdıb, daşıyıb aparıb, meşə təsərrüfatımızı məhv edib, ekologiyamıza, mədəni irsimizə qarşı terror aktları törədib, bundan əlavə, bütün şəhər və kəndlərimizi vandalcasına dağıdıb, həm dövlət, həm də mülki təsərrüfata analoqu olmayan zərər vurub. 28-30 il ərzində bizə aid nə varsa, hamısını viran qoyub. Ermənistan Azərbaycana qarşı törətdiyi bütün cinayət əməllərinə görə cavab verməli, təzminat ödəməlidir. Bilirsiniz ki, Ermənistanın Azərbaycana vurduğu zərərin miqyası çox genişdir və trilyonlarla dollarla ölçülür. Baxın, ermənilər Kəlbəcəri tərk edərkən nə qədər cinayətlər törədirlər. İndi Kəlbəcəri, Ağdamı yandırırlar, meşələrimizə od vururlar, mülki obyektlərimizi, evləri, məktəbləri, xəstəxanaları yerlə yeksan edirlər. Bütün bunlar vandalizm hərəkətləridir. Mən də Dövlət Baxçalının fikirləri ilə tamamilə razıyam, bəli, Ermənistan maddi cəhətdən təzminatı ödəyə bilmirsə, bu təzminatı beynəlxalq hüquqa görə ərazi ilə ödəməlidir. Ermənistanın təzminat ödəmək imkanı yox idisə, bəs onda nə üçün bu qanlı cinayət aktlarını, terror hərəkətlərini həyata keçirib? O məgər bilmirdi ki, bu cinayət əməlləri cəzasız qalmayacaq? Ermənistan bu cinayətləri həyata keçirdiyi və Azərbaycana böyük zərər vurduğu üçün əvəzini ya pul, ya da ərazi şəklində ödəməlidir. Ermənistanın təzminatı pul şəklində Azərbaycana ödəmək imkanı yoxdursa, onda Zəngəzuru, yaxud digər ərazini təzminat kimi Azərbaycana verməkdən başqa çıxış yolu yoxdur. Ermənistan bilməlidir ki, Azərbaycan bütün vasitələrdən istifadə edərək onun təzminat ödəməsinə nail olacaq. Beynəlxalq hüquq bizim tərəfimizdədir, haqlı tərəf bizik” - deyə V.Rəhimzadə qeyd etdi.
İradə SARIYEVA