Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərə səfəri zamanı bir daha əvvəl dediyi məsələlərə sadiq qaldığını nümayiş etdirib. Ölkə başçısı Qarabağda ermənilərə hər hansı statusun verilməsinin mümkünsüzlüyünü bir daha bildirib:
“Heç bir status haqqında söhbət gedə bilməz. Vahid Azərbaycan dövləti var. Çoxmillətli, çoxkonfessiyalı, mütərəqqi Azərbaycan dövləti var. Bütün Azərbaycan vətəndaşları, bütün xalqların, dinlərin nümayəndələri normal yaşayırlar, mehribanlıq, sülh şəraitində yaşayırlar. Erməni xalqı da belə yaşayacaq. Bizim erməni xalqı ilə işimiz yoxdur”.
Ancaq maraqlıdır ki, Rusiya prezidenti Vladimir Putin Rossiya 24 dövlət kanalına Dağlıq Qarabağ münaqişəsi, Rusiya sülhməramlıları, Türkiyənin sülhməramlı missiyadakı rolu və bir çox başqa məsələlər barədə geniş müsahibə verib. Rusiya prezidenti bildirib ki, Qarabağın yekun statusu nizamlanmayıb: "Bəli, belə problem mövcuddur. Qarabağın yekun statusu nizamlanmayıb, biz bugünkü status-kvonu, mövcud vəziyyəti saxlamaq barədə razılığa gəlmişik. Sonra nə olacaq - bunu gələcəkdə, ya da gələcək rəhbərlər, bu prosesin gələcək iştirakçıları həll etməlidir. Lakin mənim fikrimcə, əgər normal həyat, Azərbaycan və Ermənistanda məişət səviyyəsində insanlar arasında, xüsusən də münaqişə zonasında, münasibətlərin bərpa olunması üçün şərait yaradılsa, bu, Qarabağın statusunun müəyyən edilməsi üçün də şərait yaradacaq".
Göründüyü kimi, Putin əldə olunan razılaşmada yer almayan status məsələsindən danışır. Bu nə anlama gəlir və sonu necə ola bilər?
“Statusla bağlı bütün başqa addımlar qeyri-konstitusiondur və heç bir kənar təsir bizə bunu qəbul etdirə bilməz”
Politoloq Yeganə Hacıyeva “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycan quruluşuna görə unitar dövlətdir və ölkəmizdə vahid Konstitusiya, vahid qanunverici və icraedici hakimiyyət mövcuddur: “Ölkənin bütün ərazisində qüvvədə olan vahid Konstitusiya, yüksək dövlət hakimiyyəti orqanlarının vahid sistemi və ölkənin bütün ərazisinə şamil edilən yuridiksiyası və vahid hüquqi sistem mövcuddur. 44 günlük müharibə dövründə Azərbaycan Prezidenti və Ali Baş Komandan İlham Əliyev dəfələrlə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun gələcəyi haqqında fikirlərini bildirdi. Məsələ budur ki, Dağlıq Qarabağ münaqişəsinin həlli tarixində bölgənin statusu haqqında müzakirələr və razılaşmalar mövcud idi. Rayonlar sülh şəraitində azad olunacağı təqdirdə status məsələsi müzakirə olunacaqdı. Burada bir haşiyə çıxım ki, həmin danışıqlarda belə, Dağlıq Qarabağın status məsələsi heç bir halda Ermənistan tərəfinin göstərməyə çalışdığı kimi status deyildi, bu status da mədəni müxtariyyət statusu kimi nəzərdə tutulurdu.
Lakin Ermənistan tərəfi Dağlıq Qarabağ konfliktinin sülh danışıqları ilə nizamlanması istiqamətində heç bir addım atmadı, əksinə, daha öncə işğal etdiyi torpaqların işğal faktini möhkəmləndirmək üçün yeni ərazilər tutmaq məqsədilə bu ilin iyul ayında Azərbaycanın Ermənistanla sərhəd rayonu olan Tovuza hücüm etdi. Bununla da, əvvəlki danışılardakı şərtlər pozulmuş oldu.
Yuxarıda da qeyd etdiyim kimi, Azərbaycan Prezidenti İlham Əliyev Füzuli rayonunda çıxış edərək, Dağlıq Qarabağın statusu ilə bağlı məsələyə bir daha toxundu. Prezident bildirdi ki, heç bir xüsusi statusdan söhbət gedə bilməz. Vahid bir Azərbaycan var - çoxmillətli və çoxkonfessiyalı. Müxtəlif xalqları və dinləri təmsil edən bütün Azərbaycan vətəndaşları sülh və mehriban qonşuluq şəraitində yaşayırlar. Erməni xalqı da bu şəraitdə yaşayacaq.
Lakin biz son günlərdə Rusiya rəsmilərindən məhz statusla bağlı bizə yönəlik müəyyən açıq və ya üstüörtülü mesajlar alırıq.
Dağlıq Qarbağın istənilən xüsusi statusu Konstitusion əsaslarda müəyyənləşə biləcək bir qərardır, buna ancaq konstitusion əsaslar və referendum yolu ilə nail olmaq lazımdır. Əvvəlki şərtlərdə belə idi ki, bunun üçün Dağlıq Qarabağın bütün əhalisi yurdlarına köçməli, infrastruktur bərpa olunmalı, 1988-ci ilə qədər olan əhalinin siyahisı rəhbər tutulmaqla bütün Azərbaycan vətəndaşlarının iştirak etdiyi bir referendum keçirmək olardı. Çünki 1988-ci ildən sonra Ermənistan süni şəkildə Dağlıq Qarabağdkı ermənilərin sayını artırıb ki, onlar lazım olan anda söz sahibinə çevrilə bilsinlər. Bir daha təkrar edirəm ki, bu şərtlərlə referendumun keçirilməsi yalnız müharibə etmədən mümkün ola bilərdi. Təəssüf ki, Ermənistan ikinci variantı seçdi”.
Müsahibimiz hesab edir ki, statusla bağlı bütün başqa addımlar qeyri-konstitusiondur və heç bir kənar təsir bizə bunu qəbul etdirə bilməz.
Məhəmmədəli QƏRİBLİ