Məlum olduğu kimi, bugünlərdə Türkiyədə səfərdə olan ABŞ dövlət katibi Mayk Pompeo Ərdoğanın qəbuluna düşə bilməyib. ABŞ Dövlət Departamentinin yüksək səviyyəli nümayəndəsi deyib ki, prezident Rəcəb Tayyib Ərdoğan noyabrın 16-da Türkiyəyə səfərə gələn ABŞ dövlət katibi Mayk Pompeo ilə görüşmək üçün vaxt tapa bilməyib: “Prezident Ərdoğanın cədvəli dəyişdiyindən və Dövlət Katibinin səfəri əsasında qoyduğumuz parametrlərə cavab verə bilmədiyindən görüş baş tutmayıb”.
Diplomat həm Pompeo, həm də türkiyəli rəsmilərin görüşün baş tutmasını istədiklərini vurğulayıb. Türkiyə tərəfinin bir şeydən inciyə biləcəyi suallarını cavablandıran diplomat problemin Prezident Ərdoğanın qrafikindən qaynaqlandığını bildirib. Dövlət Departamentinin nümayəndəsi, eyni zamanda, Şərqi Aralıq dənizi, Liviya və Suriya da daxil olmaqla bir sıra bölgələrdəki vəziyyətlə bağlı Vaşinqton ilə Ankara arasında fikir ayrılıqlarının olduğunu bildirib. Bundan sonra ABŞ dövlət katibi Mayk Pompeo "Figaro" qəzetinə müsahibə verib. Türkiyəni Dağlıq Qarabağ mövzusunda Azərbaycana verdiyi dəstəyə və Liviyadakı fəaliyyətlərinə görə tənqid edən Pompeo deyib: "Fransa prezidenti Emmanuel Makron və mən Türkiyənin son hərəkətlərinin təcavüzkarlıq olduğunu düşünürük". Pompeo əlavə edib: "Avropa və ABŞ Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanı bu cür hərəkətlərin Türk xalqının mənafeyinə uyğun olmadığına inandırmalıdır".
ABŞ Dövlət Katibi həmçinin bildirib ki, Türkiyənin hərbi gücdən istifadə etməsi hallarının son zamanlarda çoxalması narahatedicidir.
Göründüyü kimi Pompeo, faktiki olaraq, açıq şəkildə Makronla Ərdoğana qarşı birləşdiklərinin anonsunu vermiş olub. Təbiidir ki, bütün bunlar Türkiyənin Qarabağdakı aktiv fəaliyyətinə görədir. ATƏT-in Minsk Qrupunun iki həmsədr ölkəsinin bu mövqeyi necə qiymətləndirilə bilər?
“Açıq şəkildə görünür ki, onları münaqişənin həlli yox, dondurulmuş vəziyyətdə qalması maraqlandırıb”
Politoloq Rəşad Bayramov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, ABŞ-la Fransanın bu məsələdə narahatlığı başadüşüləndir: “Hər iki ölkə Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı yaradılan ATƏT-in Minsk Qrupunun həmsədridir. Bunlar gərək bu vəziyyətlə bağlı utandıqlarından heç danışmayalar da. Çünki fəaliyyətdə olduqları dönəm ərzində münaqişənin həllində bir addım da olsun irəliləyişə nail ola bilmədilər. Hazırda Rusiya və Türkiyənin aktiv müdaxiləsilə əldə olunan razılaşma onları dərindən narahat edir. Bunu öz ölkələrinin hörmətinə sığışdırmırlar. Onlar niyə özlərinə sual vermirlər ki, həmsədr kimi nə edə biliblər? Açıq şəkildə görünür ki, onları münaqişənin həlli yox, dondurulmuş vəziyyətdə qalması maraqlandırıb. Pompeonun Ərdoğan tərəfindən qəbul edilməməsi onları daha da qəzəbləndirib. Vəziyyət o yerə çatıb ki, bunlar ikilikdə Rusiyadan Türkiyənin prosesdə iştirakına dair hesabat tələb edirlər. Məhz buna görədir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “lazım gəlsə, Türkiyənin Dağlıq Qarabağ böhranının həllindəki rolunu ABŞ və Fransa ilə müzakirəyə hazırıq” kimi açıqlama ilə çııxış edib. “Rəsmi Paris və Vaşinqtonun Türkiyənin Dağlıq Qarabağ probleminin həllindəki və müxtəlif regional məsələlərdəki rolunun güclənməsi səbəbilə narahat olması üçün səbəb varmı” sualını isə D.Peskov belə cavablandırıb: “Heç bir şəkildə Fransa və ABŞ-ın Türkiyə ilə münasibətlər haqqında şərh verməyini istəmirik. Bizim öz ikitərəfli münasibətlərimiz var və buna dəyər veririk. Həmsədr olaraq ortaq statusumuza gəlincə, əlbəttə, bizim üçün əhəmiyyətli olan Dağlıq Qarabağda qısa müddət əvvəl təsis edilən sülhün necə qorunacağı, yer dəyişdirən insanların, qaçqınların qaydışının necə təmin ediləcəyi və bu sülhün mühafizə edilməsi prosesinin monitorinqi ilə maraqlanmaqdır”.
Qeyd edim ki, ABŞ Dövlət Departamentinin rəhbəri Mayk Pompeo fransalı həmkarı Frian ilə gerçəkləşdirdiyi görüşdə həmsədr olaraq Moskvanın, Türkiyənin rolu da daxil olmaqla, üçtərəfli bəyanatın parametrləri ilə bağlı açılama verməli olduğunu bildirib. Bu gün isə ABŞ və Fransadan olan diplomatlar Dağlıq Qarabağ münaqişəsini müzakirə etmək üçün Moskvada görüşəcəklər. Bütün bu səylərdən görünür ki, hər iki ölkə Türkiyəyə qarşı birləşməklə açıq şəkildə ermənilərin mövqeyini dəstəkləmək yolunu tutur”.
Müsahibimizin sözlərinə görə, onların bu səyləri Türkiyənin regionda artan nüfuzuna zərrə qədər də təsir etməyəcək.
Məhəmmədəli QƏRİBLİ