Ermənistanda faşizmin çiçəklənməsi, bu ölkədə faşistlərin törəmələrinin hakimiyyətdə olmasına dair Azərbaycan tərəfindən bəyan edilən faktlar düşmən ölkədə sözün əsl mənasında isterik bir vəziyyət yaradıb. İndi Ermənistan da əks arqumentlərlə çıxış etmək istəyir, amma belə arqumentlərin yoxluğu və faktların təhrif edilməsi Ermənistanın özünü daha gülünc duruma salır. Belə ki, Ermənistanın baş naziri Nikol Paşinyan son onlayn konfrans zamanı faşizmin qəhrəmanlaşdırılması ilə bağlı Azərbaycanın ünvanına əks ittihamlar irəli sürüb.
Məsələ burasındadır ki, Paşinyan Azərbaycan Cümhuriyyətinin rəhbəri Məhəmməd Əmin Rəsulzadəni nasistlərlə əməkdaşlıqda ittiham edib və onun Azərbaycanda qəhrəmanlaşdırıldığını bildirib. Bu isə Paşinyanın tarixi bilgilərinin də qıt olduğunu, onun hamıya məlum faktları ciddi şəkildə təhrif etdiyini yenidən təsdiqləmiş oldu. Çünki Rəsulzadə İkinci Dünya müharibəsi zamanı Almaniyada olsa da, nasistlərlə əməkdaşlıqdan imtina edib. Bu, keçmiş SSRİ, eləcə də dünya miqyasında kifayət qədər bilinən faktdır. Nasist Almaniyası tərəfdən döyüşən şəxslərə isə, Ermənistandan fərqli olaraq Azərbaycanda abidə qoyulmur və onlar qəhrəmanlaşdırılmır. Məhz bütün bunlar indi faşizm məsələsində küncə sıxışan Nikol Paşinyanın daha gülünc bir durumda olduğunu təsdiqləyir. Eləcə də belə vəziyyətdə Paşinyanın babası və Qaregin Njde kimi faşistlərin nasistlərlə işbirliyinə dair məsələlərə diqqət daha da artır. Məsələn, Azərbaycanın bu istiqamətdə fəaliyyətindən sonra indi Rusiyada Ermənistanın faşizm sevgisinin səbəbləri, konkret Paşinyanın babası ilə bağlı çoxsaylı suallar yaranıb. Rusiyalı ekspert İqor Korotçenko bu xüsusda qeyd edir ki, faşistlərin və onların əlaltılarının qəhrəmanlaşdırılması Ermənistanda fəal şəkildə davam edir. Korotçenko Nikol Paşinyanın mərkəzində olduğu məlum prosesə də toxunub:“Vəziyyətin özü kifayət qədər qalmaqallıdır, rəsmi səviyyədə hələ də bir təkzib eşitməmişik və bu, təbii ki, suallar doğurur. Paşinyan hələ də babası ilə bağlı ittihamlara cavab verməyib. Onun nasistlərin digər əlaltısı Qaregin Njdenin qəhrəmanlaşdırılmasını qətiyyətlə müdafiəsi daha çox sual doğurur. Njde barəsində hər şey aydındır. Onu həbs edən SMERŞ əks-kəşfiyyat təşkilatının rəyi var, onun işi ilə bağlı sənədlər var və orada aydın şəkildə qeyd olunub: Qaregin Njde SSRİ ərazisində Qırmızı ordunun arxa cəbhələrinə göndərilməsi üçün təxribatçı dəstələr hazırlayırdı. Ermənistan isə onu qəhrəmanlaşdırır. İrəvanın mərkəzində Qaregin Njdeyə abidə hələ əvvəlki hökumətin dövründə ucaldılmışdı. Paşinyanın buna heç bir aidiyyəti yoxdur və o, həmin biabırçılığın sökülməsi barədə qərar verə bilərdi. Amma bu cür qərar qəbul olunmadı. Əksinə, Paşinyan onu müdafiə edir”.
Rusiyanın “qazeta.ru” internet nəşri də bu məsələyə diqqət çəkərək yazır ki, Ermənistanın baş naziri babasının tərcümeyi-halı haqqında sualları hələ də şərh etmir:“Məlum olduğu kimi, Ermənistanın baş naziri mayın 9-da “facebook” şəbəkəsindəki şəxsi səhifəsində babasının fotoşəklini dərc etmişdi. Amma elə həmin Ermənistanın bir sıra kütləvi informasiya vasitələri Rusiya Müdafiə Nazirliyinin “Memorial” arxiv-informasiya servisində Paşinyanın qohumuna aid məlumatları aşkar ediblər, orada göstərilir ki, bu şəxs Almaniya Vermaxtının Erməni legionunun sıravi döyüşçüsü olub. Nikol Paşinyanın babasının hərbi keçmişi ilə bağlı qalmaqala görə ölkədə yaranmış təlatüm davam edir. Əslində, bu qalmaqala təkan verən hökumət başçısı özü olub. Açıq mənbələrdə göstərilir ki, Nikol Paşinyan ad-soyadlı birisinin ölümü 1943-cü ildə qeydə alınıb və o, Almaniya Vermaxtının Erməni legionunun sıravi döyüşçüsü kimi Qızıl Ordu ilə döyüşdə həlak olub.
Xatırladaq ki, “Memorial” portalı Böyük Vətən müharibəsi iştirakçılarının qohumlarına onların talelərini öyrənməyə kömək etmək məqsədilə 13 il bundan əvvəl yaradılıb. Bu halda bazada olan informasiyanın mötəbərliyinə şübhə qalmır. Axı müvafiq sənədlər həm Rusiyanın, həm də Almaniyanın arxivlərində emal edilib. “Memorial”ın məlumatlarını yalnız məhkəmə qaydası ilə təkzib etmək olar. Ya da hansısa yeni arxivlər tapılmalıdır ki, onlar artıq məlum olan informasiya haqqında təsəvvürləri kökündən dəyişdirsin. Nəticədə aydın olub ki, İkinci Dünya müharibəsi döyüşlərində hansısa Nikol Paşinyan həqiqətən iştirak edib, amma heç də Sovet İttifaqının tərəfində vuruşmayıb. Bazada hərbi əsir vərəqində onun taleyi “düşmənlə əməkdaşlıq edirdi” sözləri ilə təsvir olunub. Baş nazir özü də məhz Qələbə Günü ərəfəsində əcdadının tərcümeyi-halına çaxnaşma salaraq bildirib ki, bəzi sənədlərə görə o, 1943-cü ilin fevralında həlak olub, başqa sənədlərə görə, itkin düşüb. Həm də bu, ya Krımda, ya da Stalinqrad ətrafında olub. Paşinyanın bu qədər dolaşıq izahatları mövzunun sosial şəbəkələrdə müzakirəsinə təhrik edib. Çoxları inanmağa hazırdır ki, Üçüncü Reyx sıralarında vuruşmuş Paşinyan məhz Nikol Paşinyanın babasıdır. Burada məntiq belədir: nə olsun ki onlar qohumdur, nəvə baba üçün cavab verməli deyil”.
Nəşrin yazdığına gərə, təəccübləndirən odur ki, Paşinyan bütün bu vaxt ərzində susur:“Bununla əlaqədar daha bir hadisə - Ermənistanda müasir dövlətçiliyin banilərindən biri hesab edilən Qaregin Njdenin abidəsi əhvalatı yada düşür. Bu halda Üçüncü Reyxlə onun əməkdaşlığı müəyyən edilmiş fakt hesab olunur. 1940-cı illərin əvvəlində Njde Vermaxtın tərkibində erməni batalyonları yaradılmasında iştirak edib. Bundan başqa, o, təxribatlar törədilməsi məqsədilə sovet arxa cəbhəsinə göndərilən Njdeni həbs etdi və o, Vladimir mərkəzi həbsxanasında öldü. İndi bu iki əhvalatı əlaqələndirirlər. Hətta Paşinyanın tərəfdarları da onun ölkədə geniş müzakirə edilən bu mövzuya etinasızlığını qəribəlik hesab edirlər. Babasının tərcümeyi-halı məsələsində səmimilik, ehtimal ki, onun müsbət cəhəti sayılardı. Həmçinin ölkənin tarixində Qaregin Njdenin rolunun qiymətləndirilməsi məsələsində İrəvandakı əvvəlki hakim rejimin mövqeyinə yenidən baxılması potensialı da. Amma baş nazir həm birinci, həm də ikinci məsələdə dəqiq mövqe tutmağa çəkinir. Çoxları haqlı olaraq soruşur: görəsən bütün bunların arxasında nələr dayanır?”
Bütün bunlar Paşinyanın faşizm sevgisinin təkcə Azərbaycanda suallar doğurmadığını bir daha təsdiq edir. Eyni zamanda, Paşinyanın bu xüsusda Azərbaycana qarşı ittihamlar səsləndirməyə çalışmaqla özünü daha gülünc vəziyyətə saldığını nümayiş etdirir.
Nahid SALAYEV