Məlum olduğu kimi, radikalların toplaşdığı Milli Şurada ara yenidən qarışıb. Burada təmsil olunan şəxslər arasında baş verən son hadisələrdən bunu aydın görmək mümkündür.
Başlayaq ondan ki, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyev şəxsi “Facebook” səhifəsi vasitəsilə istefa verdiyini bəyan etdi: “Təəssüf hissi ilə qeyd edirəm ki, bu andan etibarən Milli Şurayla yollarımız ayrılır və bu səbəbdən MŞ-dən istefa verirəm”.
E.Quliyevlə bağlı başqa diqqətçəkən bir məqam isə onunla ABŞ-da yaşayan jurnalist və bloger İsmayıl Cəlilov arasında yaşanan söz savaşıdır. Gündəmə damğa vuran hadisə isə Milli Şuranın “Zoom” üzərindən onlayn konfransı oldu. Şuranın sədri Cəmil Həsənli, üzvləri Gültəkin Hacıbəyli, Qənimət Zahid, Rafiq Manaflı, Eldəniz Quliyev və digərlərinin iştirak etdiyi onlayn iclas siyasi cameədə ciddi qalmaqala səbəb oldu. Videokonfrans radikal müxalifətin gerçək durumunu, bu düşərgədəki mənəvi-əxlaqi deqradasiya prosesinin ən son həddə çatdığını detallarına kimi ortaya qoydu. Milli Şurada söyüşün biri bir qəpik oldu. Çünki son tədbirdə və ondan sonra MŞ üzvləri bir-birinin ünvanına ağlagəlməz söyüşlər, təhqirlər səsləndirdilər. Eldəniz Quliyevdən sonra Rafiq Manaflı da istefa verdi. Faktiki olaraq qurum dağılır. Bu o deməkdir ki, silsilə uğursuzluq və sabaha ümidsizlik nəticəsində Milli Şura xalq qarşısında bütün məsuliyyətini artıq itirib.
Maraqlıdır, bəs ekspertlər bütün bunları necə dəyərləndirirlər?
“Videotoplantı onların həqiqətən də nə qədər xəyanətkar və ləyaqətsiz olduqlarını ortaya qoydu”
Məsələyə münasibət bildirən “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin sözlərinə görə, yaşanan son biabırçılıqdan sonra Milli Şuranın dağılması qaçılmazdır: “Milli Şuraya toplanan o şəxslər əvvəldən xalqın arasında heç bir nüfuza malik olmayan, simalarını itirmiş şəxslərdirlər. Mayın 14-də yaşanan o biabırçılıq Milli Şuranın bütün iç üzünü ortaya qoydu. Orada səslənən təhqiramiz ifadələr artıq bu qurumun nədən ibarət olduğunu göstərdi. MŞ-nin xislətini açıq şəkildə cəmiyyətə göstərdi. Artıq qurumda istefalar başlayıb. Bu da onu deməyə əsas verir ki, MŞ-nin dağılması qaçılmazdır və artıq bu proses başlayıb. Əslində, orada təmsil olunanlar milli təfəkkürdən uzaq və birmənalı şəkildə millətin heysiyyəti ilə oynayan insanlardır. O baxımdan sözügedən insanlar ləyaqətini, şəxsiyyətini itirmiş şəxslərdir. O günkü şou, həqiqətən, bunların nə qədər əxlaqdan uzaq insanlar olduğunu göstərdi. Videotoplantı onların həqiqətən də nə qədər xəyanətkar və ləyaqətsiz olduqlarını ortaya qoydu. Onlar, ümumiyyətlə, cəmiyyətdə heç bir nüfuza malik deyillər. Adında milli sözü olsa da, əslində, bu qurum antimilli bir təşkilatdır. Artıq o təşkilat da dağılır”.
Vidadi ORDAHALLI