Xalqımızın tez-tez işlətdiyi bir ifadə var: “Utanmasan, oynamağa nə var”. Erməni mediası ilə tanış olarkən və ermənilərin Azərbaycana qarşı haqsız, yersiz, əsassız ittihamlarını oxuyarkən həmişə bu atalar sözləri yada düşür.
Faşizm üzərində Qələbənin qazanılmasının 75 illiyi münasibətilə faşizmə qarşı vuruşan ölkələrin, xalqların hamısı bayram keçirir, həlak olanları xatırlayır, onların xatirəsini əbədiləşdirir. Təəssüf ki, belə bir vaxtda da erməni dəyirmanı yalan üyütməyindən qalmır. Erməni mətbuatında gedən bir məqalədə əlləri hər yerdən üzülən ermənilər Azərbaycanın Sovet İttifaqı qəhrəmanlarının sayını süni surətdə azaltmaq istəyirlər.
Azərbaycan dövlətinin Sovet İttifaqı qəhrəmanlarımıza göstərdiyi xüsusi diqqət, onların xatirəsini əziz tutması erməniləri yaman qıcıqlandırır. Ermənilər iddia edirlər ki, Azərbaycan Sovet İttifaqı qəhrəmanlarının sayını şişirdir. Azərbaycan tərəfin 120 Azərbaycan vətəndaşının Sovet İttifaqı Qəhrəmanı adına layiq görülməsi fikri ermənilərə rahatlıq vermir. Başdan-başa saxtakarlıq içində olan erməni mediası “Azərbaycan vətəndaşları” mövcud olmayıb. Fakt budur ki, bu qəhrəmanların əksəriyyəti ermənilər və ruslar, eyni zamanda, yerli millətlərin nümayəndələri – talışlar, ləzgilər olub axı. Onların arasında “azərbaycanlılar” 39 nəfər olub” kimi əsassız iddia irəli sürüb.
Əlbəttə, bu, bir erməni saxtakarlığıdır və onlar bu üsuldan həmişə istifadə edirlər. Bundan başqa, digər bir yazıda iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovdan danışan ermənilər daha böyük saxtakarlığa əl atırlar. Guya ki, azərbaycanlılar ermənilərlə “ayaqlaşmaq” üçün Həzi Aslanovun ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülməsini istəyiblər. Yalan üzərində pərvəriş tapan erməni mediası onu da bildirir ki, guya H.Aslanova ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı verilməsini Heydər Əliyev Qorbaçovdan xahiş edib. Bu da tamamilə yanlış və əsası olmayan iddiadır. Birincisi, Heydər Əliyev Azərbaycan xalqının böyük oğlu kimi həmişə xalqımızın böyük övladlarının təəssübünü çəkib. O, Qorbaçovdan xahiş etməzdi, ondan Həzi Aslanovun tapdanmış haqqını tələb edə və bunun bərpasına nail ola bilərdi. İkinci bir tərəfdən də Həzi Aslanov Böyük Vətən Müharibəsi cəbhələrində göstərdiyi şəxsi igidlik və qoçaqlığına görə 3 “Qırmızı Bayraq” ordeni, 2-ci dərəcəli “Suvorov” ordeni, “Aleksandr Nevski” ordeni, 1-ci dərəcəli “Vətən müharibəsi” ordeni, 2 “Qırmızı Ulduz” ordeni kavaleri və medallarla təltif olunub. 1944-cü ildə general-mayor H.Aslanov Belarus cəbhəsindəki şücaətinə görə ikinci dəfə yüksək ada, yəni Sovet İttifaqı Qəhrəmanı adına təqdim edilsə də, SSRİ hərbi rəhbərliyində təmsil olunan erməni generalı İ.Baqramyan buna maneçilik törədib. Ölümündən 46 il sonra, 1991-ci ildə H.Aslanova ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı verilib.
Baqramyana gəlincə, onun hansı saxta yollarla Sovet İttifaqı Qəhrəmanı adı aldığı məlumdur. 1942-ci ildə 500 mindən çox sovet əsgərinin fəlakətinə səbəb olan Baqramyan məğlubiyyətin müəllifi kimi Stalin tərəfindən hərbi tribunala verilir. Lakin Jukovun köməkliyi ilə Baqramyan canını güllələnməkdən qurtara bilir. Hətta o dövrün sənədlərinə görə, müharibə vaxtı Stalin Baqramyana Sovet İttifaqı Qəhrəmanı adının verilməsinə qarşı idi və o bütün vəhclə onu rədd edirdi. Amma imperiyanın sadiq qulu olan Baqramyan Kremldəki havadarlarının, ağalarının səyi nəticəsində bu yüksək ada layiq görülür. İkinci dəfə isə Sovet İttifaqı Qəhrəmanı adı ona 1976-cı ildə verilib. Stalinin ölümündən çox sonralar.
Azərbaycanın bütöv, monolit, multikultural və tolerant bir dövlət olduğu və burada bütün xalqların qardaşlıq, dostluq şəraitində yaşadığını deyən Azərbaycan Milli Elmlər Akadmiyasının Fəlsəfə İnstitutunun (AMEA) aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Faiq Ələkbərli baki-xeber.com-a bildirdi ki, ermənilər, həmişə olduğu kimi, bu məsələdə də Azərbaycana qarşı təxribat həyata keçirirlər.
F.Ələkbərli vurğuladı ki, son zamanlar Azərbaycan dövlətinin, rəsmilərinin, elm adamlarının, eləcə də mediasının Ermənistanda həyata keçirilən faşizm, nasizm siyasətini ifşa etməsi, faşist Njde barədə haqlı iradlar səsləndirməsi ermənilərin Azərbaycana qarşı bu cür əsassız fikirlər səsləndirməsinə səbəb olub. “İkinci Dünya Müharibəsi dövründə Njde və başqalarının, bütövlükdə, ermənilərin faşizmə, nasizmə qulluq etməsi faktını ifşa etməyimiz onları qıcıqlandırdığı üçün belə əsassız fikirlər söyləyirlər. Onlar bu cür yalan fikirlər söyləməklə guya öz aləmlərində bizə “əks arqumentlər” gətirirlər. Ermənilər bu əsassız fikirlərlə Azərbaycanın, azərbaycanlıların faşizm üzərində Qələbənin qazanılmasında rolunu kiçiltməyə çalışırlar. Onlar Azərbaycan vətəndaşları olan ləzginin, talışın, rusun, yəhudinin İkinci Dünya Müharibəsində iştirakını bizdən ayırmaq istəyirlər. Bir də ki, ermənilər haradan bilirlər ki, kim türkdür, kim qeyri-türkdür. Halbuki, Azərbaycan hər zaman çoxmillətli, çoxmədəniyyətli bir dövlət olub və burada Azərbaycan türkləri çiyin-çiyinə etnik azlıqlarla sülh şəraitində yaşayıblar. “Azərbaycan türkləri ilə yanaşı, ləzgilərin, rusların, talışların və başqa milli azlıqların da Sovet İttifaqı Qəhrəmanı adı alması, əlbəttə, müsbət bir haldır, bu bizim dövlətin burada yaşayan digər xalqlara qarşı heç bir ayrıseçkilik etmədiyini göstərir. Bu insanlar Azərbaycan vətəndaşlarıdır.
Gəlin görək, Ermənistanın Sovet İttifaqı qəhrəmanları arasında nə qədər azərbaycanlı, yaxud başqa millətlərin nümayəndəsi var? Bildiyim qədər Ermənistandan bir azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı var - Xıdır Mustafayev. Görəsən ermənilər onun abidəsini saxlayırlarmı, adını Ermənistanın Sovet İttifaqı qəhrəmanları siyahısından silməyiblər ki? Əlbəttə, ermənilər onunla bağlı çoxdan saxtalaşdırma siyasəti həyata keçiriblər.
Azərbaycanda heç zaman milli ayrıseçkilik olmayıb və bütün xalqlar mehriban şəraitdə birgə yaşayıblar. Bu gün Ermənistan isə monoetnik dövlətdir və orada ermənilərdən başqa xalq yaşamır”.
O qeyd etdi ki, əslində, Ermənistan dövlətinin və erməni mediasının əsas məqsədi Azərbaycanın İkinci Dünya Müharibəsində verdiyi töhfəni kiçiltməkdir. Bununla yanaşı, ermənilərin hazırda işlək olan təbliğat maşınının əsas hədəfi bu kimi təxribatçı məlumatları yaymaqla etnik məsələlərdən də istifadə etməkdir. “Əslində, SSRİ dövründə də, indi də Azərbaycan vətəndaşlarının hamısı azərbaycanlı hesab olunurlar. Yəni burada türklərə və qeyri-türklərə heç bir fərq qoyulmayıb. İndi durub ermənilər iddia edirlər ki, Azərbaycandan Sovet İttifaqı Qəhrəmanı adı alanların böyük əksəriyyəti milliyyətcə Azərbaycan türkü deyildi, qeyri-millətlərdir. Bilirsiniz, əslində, məsələnin bu cür qoyuluşu yenə də Ermənistanın bu və ya digər şəkildə “özünü sudan quru çıxarmaq” niyyəti daşıyır. Ermənilər çoxüzlü oyunlarda yaxşı oynamağı bacaran azsaylı xalqlardan biridir. Bir sözlə, erməni xalqının xasiyyətində buqələmlik, cilddən-cildə düşmək var. Yeri gələndə, Almaniyaya yarınmaq üçün faşizmə xidmət edən Njdeni də təbliğ edirlər, yeri gələndə özlərini İkinci Dünya Müharibəsinin “qəhrəmanı” kimi qələmə verməyə çalışırlar, xüsusilə də Rusiyaya yarınmaq üçün bunu edirlər” - deyə qeyd edən F.Ələkbərlinin sözlərinə görə, biz bu məsələdə həssas, eyni zamanda da soyuqqanlı olmalıyıq.
H.Aslanovla bağlı ermənilərin irəli sürdüyü əsassız iddialara gəlincə, F.Ələkbərli vurğuladı ki, onun ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülməsinin erməniləri qıcıqlandırması təsadüfi deyil. F.Ələkbərlinin sözlərinə görə, H.Aslanovun müəmmalı qətlində ermənilərin, daha dəqiq desək, Baqramyanın əlinin olması haqqında faktlar mövcuddur. “Bütün hallarda, Ermənistanın təbliğatı onun üzərində qurulub ki, mümkün qədər Azərbaycanın İkinci Dünya Müharibəsində oynadığı rolu azaltmaq, həm də ölkəmizdə etnik münasibətləri qızışdırmaq. Amma onlar buna nail ola bilməzlər. Ermənilər müxtəlif xalqları, o cümlədən də Azərbaycan türklərini ata-baba yurdlarından deportasiya etdilər və Ermənistanı “təmizlədilər”. Burada özünü erməni, hay adlandıranlar və Rusiya hərbçiləri, çox az sayda yezidi kürd və İrandan gələn beş-on adam yaşayır. Ermənistan monoetnik dövlətdir və o heç cür özünü Azərbaycanla müqayisə edə bilməz” - deyə bildirən F.Ələkbərlinin sözlərinə görə, ermənilərin hansı təbliğat aparmasından asılı olmayaraq, biz öz yolumuzu davam etməliyik.
İradə SARIYEVA